Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq
23.02.2017 1036 0.0 0

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə Ukraynanın Sumı şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
 
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə,  anım mərasimində iştirak edən Sumı vilayətinin qubernatoru, deputatlar, elm və mədəniyyət xadimləri, gənclər, diaspor və media təmsilçiləri əvvəlcə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Sonra ölkəmizin Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətindən söz açıb. İyirmi beş il bundan əvvəl Ermənistan silahlı birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Xocalı qətliamının XX əsrin ən amansız soyqırımı olduğunu diqqətə çatdıran fəxri konsul Sumı şəhərinin mərkəzində Xocalı soyqırımı abidəsinin ucaldılması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb, belə bir ədalətli qərarın verilməsinə görə vilayət administrasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
 
Tədbir iştirakçıları Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.
 
Daha sonra çıxış edən Sumı vilayətinin qubernatoru Mikola Kluçko ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğını insanlığa qarşı cinayət adlandırıb. Qanlı hadisədən 25 il keçməsinə baxmayaraq, dünya birliyinin belə bir amansız qətliama hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib. Xocalı faciəsini Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqırımı siyasəti adlandıran qubernator bu amansız cinayətdə əli olanların beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildirib.
 
Sonda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciət qəbul olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar