Tofiq Zülfüqarov: `Azərbaycanın israrlı mövqeyi artıq Aİ tərəfindən qəbul edilib`
07.02.2022 645 0.0 0

Fevralın 4-də Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşün əsas nəticələri göz qabağındadır”.

Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

T. Zülfuqarov deyib ki, Fransa hazırkı mərhələdə Avropa İttifaqına sədrlik edir: “Fransanın bu regiona, xüsusən Azərbaycana münasibətinin dəyişdiyi görünür. Çünki müharibədən sonra məlum mövqe sərgiləyən Fransa siyasi elitasının indi daha çox balanslaşmış baxış və mövqeyi formalaşmaqdadır. Avropa İttifaqı tərəfindən Azərbaycana müxtəlif proqramlar üzərindən 2 milyard avro sərmayə paketinin ayrılması də əslində bunun bir göstəricisidir. Digər tərəfdən, Qərbdəki partnoyorlarımız, Avropa İttifaqı qəbul edib ki, regionda vəziyyəti dərindən bilmir və vəziyyəti öyrənmək üçün müxtəlif missiyalar göndərilməlidir. Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib. Bu missiyanın nəticəsində Avropa İttifaqı real vəziyyət və ehtiyaclar barədə daha ətraflı məlumata malik olmalıdır”.

Sabiq xarici işlər naziri qeyd edib ki, azad olunmuş ərazilərdə böyük humanitar fəlakət mövcuddur: “100 minlərlə insan öz evini, mülkini itirib. Azad olunmuş torpaqlarda hər şey dağıdılıb, infrastruktur yoxdur. Bu məsələləri Avropaya çatdırmaq lazımdır. Mən istisna etmirəm ki, bu missiyalar baş versə, Avropa İttifaqının Azərbaycana ayırdığı 2 milyard avroluq paketin artırılması çox məntiqli olacaq”.

Sabiq xarici işlər naziri qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanması da nəzərdə tutulur: “Artıq məlumatlar da var ki, Azərbaycan və Avropa İttifaqı arasında bu sənəd qəbul olunacaq. Bu, onu göstərir ki, Azərbaycan bu məsələdə də nəzərdə tutduğu məqsədlərə çatıb. Digər tərəfdən, Azərbaycan istisna ilə, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsindəki ölkələr Ümumdünya Tİcarət Təşkilatının üzvü idi. Azərbaycanın bu məsələdəki xüsusi siyasəti Avropa İttifaqı tərəfindən də qəbul olunmurdu. Ümumdünya Ticarət Təşkilatının üzvü olan ölkə daxili bazarını xarici ixracatçılar üçün açıq şəkildə saxlayır. Azərbaycanın ixrac strukturu isə fərqlidir, ixrac etdiyimiz neft və qaz istənilən bazarda satıla bilər. Amma Azərbaycan öz istehsalçıları üçün xüsusi şərait yaratmaq istəyir. Bu, bir növ proteksionizm siyasətidir. İstəyirik ki, neft-qazdan əldə olunan gəlir məhz ölkəmizdə xərclənsin, istehlak üçün tələb olunan mallar da öz ölkəmizdə istehsal edilsin. Bu, iş yerləridir, sağlam iqtisadiyyat üçün əsaslı bir şərtdir. Hiss olunur ki, Azərbaycanın bu israrlı mövqeyi artıq Avropa İttifaqı tərəfindən qəbul edilib. Həm də görürük ki, Avropa İttifaqı ilə artıq assosiativ deyil, hansısa digər formada saziş bağlanacaq”.

T. Zülfüqarov hazırda Avropa enerji bazarında böhran yaşandığını xatırladıb: “Bunun müxtəlif səbəbləri var. Azərbaycan bundan əvvəl vəsaitlərinin böyük bir hissəsini TANAP və TAP layihələrinin həyata keçirilməsinə sərf edib, həmin vaxt Avropadan istədiyi dəstək göstərilməyib. Amma indi biz görürük ki, böhran nəticəsində Azərbaycandan ixrac olunan qaz Avropa üçün çox vacib amilə çevrilib. Bu baxımdan Avropa İttifaqının münasibətinin dəyişməsində bu amil də rol oynayır. Azərbaycanın bir neçə il əvvəl atdığı strateji addımlar indi öz bəhrəsini verməkdədir”.

Sabiq xarici işlər naziri bundan əvvəl beynəlxalq təşkilatların humanitar mövzuları Ermənistanın istəyi əsasında formalaşdırdığını söyləyib: “Amma humanitar mövzular daha çox Azərbaycanla bağlıdır. Çünki yüz minlərlə insan öz evlərini itirib, o insanların qayıtmağı düşündükləri evlər tamamilə dağıdılıb. Bu baxımdan Avropa İttifaqında həm humanitar, həm də digər məsələlərlə bağlı yeni mövqe formalaşır. Buna qədər onların bölgə barədə məlumatları birtərəfli idi. Məsələn, hər yerdə Ermənistanın ortaya atdığı “əsir məsələsi”nin həlli istənilir, Azərbaycanın marağında olan mövzulara isə diqqət ayrılmırdı. Bu baxımdan Avropa İttifaqının mövqeyinin dəyişməsi Azərbaycan üçün çox faydalıdır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar