Tanınmış akademik dünyasını dəyişdi
06.09.2015 708 0.0 0

Görkəmli ədəbiyyatşünas, dilçi, türkoloq, filologiya elmləri doktoru - akademik Ağamusa Axundov vəfat edib. 

Bunu  açıqlamasında mərhumun yaxınlarından biri məlumat verib.

Onun sözlərinə görə professor dünən ürəktutmasından vəfat edib.

Mərhum son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışırdı.

Axundov Ağamusa Ağası oğlu - Azərbaycanın tanınmış ədəbiyyatşünas, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) olub.

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, filologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olub. 

Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib. (1981-1999). Vəfatından əvvəl AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışırdı. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. 

Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olub. Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərirdi. 

Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak edib. 

Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975). Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçib. 

Onun "Ümumi dilçilik" (1978-1988), dilçiliyə dair şərikli yazdığı "Dilçiliyə giriş" (1966-1980), "Azərbaycan dili" (1972-1973-1974-1992) kitabları döna-dönə nəşr olunub. "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində işləyirdi. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olub.

"Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri olub (1993-cü ildən). Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülüb (1987).

ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvü olub (1987). Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub (2003-cü ildən). "Şöhrət" ordeni ilə təltif edilib (2000).

Kitabları:

Felin zamanları. Bakı: ADU-nun nəşriyyatı, 1961, 138 səh.
Müasir Azərbaycan ədəbi dilinin fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1963, 25 səh.
Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr. Bakı: ADU-nun nəşriyyatı, 1969, 56 səh.
Dil və üslüb məsələləri. Bakı: Gənclik, 1970, 103 səh.
Azərbaycan dilinin fonemlər sistemi. Bakı: Maarif, 1973, 302 səh.
Azərbaycan dilinin tarixi fonetikası. Bakı: ADU-nun nəşriyyatı, 1973, 110 səh.
Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1979, 254 səh.
Riyazi dilçilik. Bakı: ADU-nun nəşriyyatı, 1979, 18 səh.
Şer sənəti və dil. Bakı: Yazıçı, 1980, 159 səh.
Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1983, 388 səh.
Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik, 1983, 135 səh.
Dilin estetikası. Bakı: Yazıçı, 1985, 223 səh.
Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı: Maarif, 1988, 260 səh.
Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 190 səh.
Dil və ədəbiyyat (iki cilddə). I cild. Bakı: Gənclik, 2003, 658 səh.
Dil və ədəbiyyat (iki cilddə). II cild. Bakı: Gənclik, 2003, 436 səh.

Filmləri:

Mənim universitetim (film, 1969)
Dünya şöhrətli məzun (film, 2003)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Üç zirvənin fatehi (film, 2008)/anspress/

 

Ağamusa Axundov- akademik


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar