Tarix: 30.03.2017,   Saat: 00:59, Cümə axşamı.          

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsində vəkillər çıxış edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanov istintaqın təzələnməsi ilə bağlı vəsatət qaldırıb. Onun sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib ki, bu da onların hüququnun tapdalanması hesab olunur.

 

Məhkəmə vəsatəti təmin etməyib.

 

Sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış ediblər.

 

Təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov çıxış edərək, Z. Mustafayevin ittiham olunduğu maddələrdə onun təqsirini sübuta yetirən hər hansı faktın olmadığını deyib.

 

Vəkil Gülşən Salmanova hüquqlarını müdafiə etdiyi Ramin Yarıyevin ittiham aktında göstərilən cinayəti törədərkən yetkinlik yaşında olmadığı əsas gətirib və onun təqsirsiz olduğunu deyib.

 

Vəkil Elçin Sadıqov isə çıxışında təqsirləndirilən şəxslər - Taleh Bağırov, Cabbar Cabbarov və digərlərinin təqsirinin sübuta yetirilmədiyini iddia edib.

 

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 435 | Tarix: 09.01.2017, 14:00


Xəbərlər