Tarix: 09.12.2016,   Saat: 07:50, Cümə.          

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Balababa Allahnəzərov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsindən imtina edib. B. Allahnəzərov deyib ki, Fuad Qəhrəmanlının yazdığı statusa şərh yazıb və burada hər hansı cinayət yoxdur.

 

Daha sonra iclasda şahid Elxan Məmmədov ifadə verib. O da deyib ki, Fuad Qəhrəmanlının statusuna şərh yazıb, buna görə istintaqa ifadə verib. O, F. Qəhrəmanlının fikirlərini qəbul etmədiyini bildirib.

 

Vəkillər isə ondan fikirlərini qəbul etmədiyi adamın statusuna niyə dəstəkləyici şərh yazdığını soruşublar. O, sosial şəbəkəni ciddi hesab etmədiyini, bunu fikirləşmədən etdiyini deyib. Daha sonra onun istintaqa ifadəsi elan edilib.

 

O, ifadəsinin bir hissəsini təsdiq etməyib.

 

Proses günün ikinci yarısında davam edəcək.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 200 | Tarix: 11.11.2016, 15:47


Xəbərlər