Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
28.10.2016 431 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, prosesdə təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edərək bildirib ki, Ş. Abduləliyev hadisə baş verən gün xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib, bununla bağlı xəstəxanadan məktub da alıb. O, həmin məktubun iş materiallarına əlavə edilməsini istəyib. Prokuror buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib.

 

Daha sonra Z. Sadıqova hadisə yerinə təcili tibbi yardım maşını çağırıldığını deyən polis əməkdaşlarının ifadələrinin iş materiallarından çıxarılması, məhkəmədə yalan ifadə verdikləri üçün barələrində tədbir görülməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

 

İclasda çıxış edən vəkil Yalçın İmanov isə deyib ki, ötən iclas zamanı ifadə verən şahidlər Valeh Abbasov və Samir Babayev istintaq zamanı verdikləri ifadələrdən imtina ediblər. Buna görə də onlar və məhkəmədə ifadə verəcək digər şahidlər Sabunçu rayon Polis İdarəsinə aparılıblar.

 

Vəkillər bunu məhkəməyə təzyiq kimi qiymətləndiriblər. Vəkil Gülşən Salmanova bu faktla bağlı Baş Prokurorluğa müraciət olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Bildirilib ki, faktla bağlı bu gün Bakı şəhər Prokurorluğuna məktub yazılacaq və məsələnin təcili yoxlanılıb məlumat verilməsi istəniləcək.

 

Sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, Dövlət Neft Şirkətində işləyir və sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub: "Bir dəfə İmam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa "doğrudur" yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb". O, istintaq zamanı verdiyi ifadənin təhrif edildiyini, F. Qəhrəmanlının statusun oxuyandan sonra onda dövlət çevrilişi etmək kimi hiss yaranmadığını deyib.

 

F. Sadıqov ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirib ki, F. Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə onun irqi, milli, dini ayrı-seçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır. O deyib ki, F. Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparır.

 

Daha sonra iclasda İlkin Məmmədov dindirilib. O, "Azadxəbər.az" saytında redaktor işlədiyini, Taleh Bağırovun hakimiyyət əleyhinə çıxış etmədiyini, onun çıxışlarını ancaq internet vasitəsi ilə izlədiyini deyib.

 

Şahid Samir Mirzəzadə də oxşar ifadə verib.

 

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar