Tarix: 10.12.2016,   Saat: 05:09, Şənbə.          

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər hadisələr zamanı xəsarət almaları haqqında ekspertiza həyata keçirən şəxsdən narazılıq ediblər.
 
Bildiriblər ki, ekspert xəsarətləri qeydə almır. Hakim deyib ki, hələ ekspertiza rəyi məhkəməyə gəlmədiyi üçün nəsə edə bilməzlər.
 
Daha sonra vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ilə müraciət edərək Nardaranda keçirilən əməliyyatda neçə nəfərin iştirak etməsi və onlarda hansı silahların olmasını öyrənməyə çalışıb. Lakin buna cavab verilməyib. Vəkil sorğunun məhkəmə adından həmin idarəyə göndərilməsini istəyib.
 
Vəkillər zərərçəkmiş polis əməkdaşı İbrahim Kazımovun növbəti dəfə məhkəməyə çağırılması haqqında da vəsatət veriblər. Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Bildirib ki, İ. Kazımov iki dəfə məhkəmədə dindirilib. Bu isə təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Hakim vəsatətə sonra münasibət bildirəcəklərini deyib.
 
Daha sonra prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin (RPİ) əməkdaşı Nadir Vəliyev ifadə verib. Bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşıb Elçin Qasımovun azadlığa buraxılmasını istəyib. O, ərazidə daş parçaları görsə də, onu kimin atdığını bilmədiyini deyib. Bildirib ki, hadisə zamanı polis əməkdaşlarının xəsarət almasından xəbəri var.
 
Daha sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Şahbaz Orucov ifadə verib. Ş. Orucov N. Vəliyev ifadə verən zaman yan otaqda onun dediklərini eşitdiyini, onun dedikləri ilə razılaşdığını bildirib. Vəkillər isə buna etiraz ediblər. Hakim digər şahidin ifadəsini eşitdiyinə və bu ifadələri təkrarladığına görə Ş. Orucovun şahidlik statusuna məhkəmə tərəfindən xitam verildiyini elan edib.
 
Sabunçu RPİ-nin əməkdaşı Cavid Qafarov isə ifadəsində deyib ki, həmin vaxt futbolda olub, idarəyə çağırıldığı üçün gəlib və hər hansı qarşıdurmanın şahidi olmayıb.
 
Sabunçu rayon RPİ-nin əməkdaşı Eyvaz Hüseynov isə idarənin qarşısında daş parçaları görsə də, kimin atdığını bilmədiyini deyib. Polis əməkdaşı Ruslan Məhərrəmov da oxşar ifadə verib. İclas günün ikinci yarısında davam edəcək.
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 150 | Tarix: 21.10.2016, 15:06


Xəbərlər