Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
05.10.2016 443 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov prokuror Nəsib Bayramova etirazla bağlı vəsatət verib. Bildirib ki, prokuror qərəz nümayiş etdirir. A. Hüseynov daha sonra qeyd edib ki, həbs olunmalarından əvvəl "Xəzər" televiziyasında onların terrorçu olmaları haqqında süjet yayımlanıb.

 

O, televiziyanın direktoru Hüseyn Dinlemezin məhkəmədə bununla bağlı ifadə verməsini istəyib. Hakim isə ancaq etirazla bağlı vəsatətə baxacaqlarını deyib. Vəkillər vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib. Bildirib ki, vəsatət əsassızdır. Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib.

 

Vəkil Yalçın İmanov isə deyib ki, hakimlər müşavirəyə gedən zaman prokurorlar da onlarla birlikdə müşavirə otağına gediblər. Vəkil bunun qanun pozuntusu olduğunu deyib və vəkillər hakimlərə etirazla bağlı vəsatət vermək üçün vaxt istəyiblər. Hakim isə müşavirə otağında ancaq hakimlərin olduğunu, prokurorların dəhlizdə dayandıqlarını deyib. Hakim vəkillərə vəsatət hazırlamaq üçün vaxt verib.

 

Fasilədən sonra vəkillər bütün məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Prokuror vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə də vəsatəti baxılmamış saxlayıb.

 

Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O, bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Əməliyyat zamanı Əlibala Vəliyevi zərərsizləşdirib. Onun üzərindən qumbara çıxıb. Şahid deyib ki, Ə. Vəliyevin əlində bıçaq olub və ona xəsarət yetirmək istəyib.

 

Proses günün ikinci yarısında davam edəcək.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar