Tələbə 161-ə zəng etdi, müəllim rüşvət alarkən həbs olundu
28.01.2015 876 0.0 0

 

Qazeta.info Respublika Prokurorluğuna istinadən bildirir ki, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.

Kollecin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaq-əməliyyat tədbirləri zamanı Ə.Səfərovun üzərindən  müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdür.

Ə.Səfərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar