Şövkət Məmmədovanın səs yazıları tapıldı – Dinlə
10.11.2015 704 0.0 0


“...Avqustda qəfildən yeknəsəq həyatında ildırım çaxdı: Şövkət Məmmədova Parisə konsert verməyə gəlmişdi. On il idi ki, onu görməmişdi, amma uzaqdan-uzağa uğurlarından xəbər tuturdu. Şövkətin qaldığı oteli tapdı, əziz adamlar kimi görüşdülər, Kiyevdəki tələbəlik illərini xatırladılar. Əlbəttə, qardaşının vəfatını dedi, amma düşdüyü çıxılmaz vəziyyətisə dilinə gətirmədi. Şövkətin öz qayğıları vardı, konsertə görə həyəcan keçirir, Paris tamaşaçılarının onu qəbul eləyib-eləməyəcəkləri barədə sorğu-sual aparırdı. Yusif Vəzir öz dərdini unudub ona ürək-dirək verdi: “Şövkət, – dedi, – doğma incəsənətimizin vətənpərvəri ol. Qorxma, heç kəsdən qorxma. Əgər təkcə doğma Azərbaycan əsərlərini ifa eləsən də, heç kəs səni fitə basmaz. Qoy avropalılar bizim əsərlərimizdən xəbərdar olsunlar, ona qibtə eləsinlər...”

Şövkət Məmmədovanın “Komedi” teatrındakı konserti, doğrudan da, böyük uğurla keçdi. Konsertdə Ceyhun bəy və Fariz bəylə yanaşı oturmuşdular, Şövkətin ifasında “Arşın mal alan”dan Gülçöhrənin ariyasına, xalq mahnılarına qulaq asdıqca kövrəldiyini, yanaqlarının islandığını hiss elədi. Bir neçə gündən sonra Şövkət Məmmədova çıxıb getdi, Vətənə onların ovunmayan həsrətini apardı. Yusif Vəzir yenə ağrılarıyla tək qaldı...” Nəriman Əbdülrəhmanlı – “Qurban” romanı. Fransanın onlayn arxivlərində dolaşarkən Azərbaycanın ilk qadın opera müğənnisi Şövkət Məmmədovaya aid 4 səs yazısı tapdıq. Eyni zamanda Azərbaycan musiqi tarixi üçün maraqlı olacaq bir neçə mahnılarla da rastlaşdıq ki, bu barədə növbəti yazılarda bəhs edəcəyik.  Arxiv sənədində Ş.Məmmədovaya aid “Mən bir güldüm”, “Küsmüşəm səndən”, “Heç kəsi mən görmədim” (“Bənd oldum”) və türkcə “Üsküdar” adlı mahnıların 1926-cı ildə qeydə alındığı bildirilir.  Əlbəttə, bu səs yazılarının ilk dəfə üzə çıxdığını əminliklə iddia etmirik. Sadəcə, “Youtube”də, eləcə də digər səs yazıları olan arxivlərdə bu mahnılara rast gəlmədiyimiz üçün Sizlərlə bölüşməyi qərara aldıq. Çox güman ki, bu səs yazıları Qızıl Fondda və ya başqa hansısa arxivimizdə var. Bəlkə də, yoxdur. Dəqiq bilmirik.  Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflis şəhərində pinəçi ailəsində anadan olub. Uşaq yaşlarından musiqi təhsili alıb. Müqəddəs Nina məktəbində oxuyarkən məktəbin rəhbəri Yelena Kandelaki onun qabiliyyətini görüb, pianoçu Levinanın müşayiəti ilə onunla məşğul olub. Daha sonra Romanovlar Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinfinə verilib. 1910-cu ildə isə musiqi təhsili almaq üçün Bakıya gəlib.  Milyonçu H.Z.Tağıyevin köməkliyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olub.  Burada o, Milanın “La Skala” teatrında işləmiş Dotti Ambroziodan təhsil alıb. Lakin 1912-ci ildə ona olan kömək kəsildiyi üçün geri qayıdıb. Üzeyir Hacıbəylidən böyük dəstək Amma onun musiqi təhsilini pula görə yarımçıq saxlaması dövrün ziyalılarını hərəkətə keçirib. Belə ki, 1912-ci ildə Şövkət Məmmədova Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul onun İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının çadrasız səhnədə oxuması mühafizəkar kəsimi qəzəbləndirir, qoçular həm onu, həm də bəstəkarı öldürmək istəyirlər. Gənc sənətçi və bəstəkar qaçaraq ölümdən qurtulurlar. Belə ki, müğənni gizlin yolla teatrdan çıxarılır və Biləcəri stansiyasından Tiflisə yola salınır. Tiflisdə musiqi təhsilini davam etdirir.  Şövkət Məmmədova illər sonra bu barədə yazacaqdı: “Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olub. Bakıda olduğumdan xəbər tutub, o, mənim taleyimdə yaxından iştirak etdi. Özünün ilk musiqi əsərlərinin müvəffəqiyyətindən ruhlanan Üzeyir, son əsərlərinin əlyazısını götürərək, məni öz yaradıcılıq planları ilə tanış etdi. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Həssas qəlbə malik Üzeyir həyatımın ən çətin anlarında öz kömək əlini mənə uzatdı. Tale bizi bir daha Azərbaycanda Sovet hakimiyyətinin xoşbəxt illərində görüşdürdü. Bakıdakı qadınlar klubunda “Arşın mal alan”dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tə'rifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı. Bu dostluq 30 il davam etdi. Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir, biz müəllimlərə də atalıq qayğısı göstərirdi. Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu”. 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil olur. Burada oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur. Burada sonralar Parisdə də qarşılaşacağı Yusif Vəzirlə tanış olur. 1921-ci ildə Şövkət Məmmədova Bakıya gəlir. 1925-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı təşkil olunduqdan sonra Şövkət xanım bu teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin “Traviata” operasında Violeninanın partiyasını oxuyur. 1921-ci ildən başlayaraq Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur, yarımçıq qalmış təhsilini tamamlayır. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini  yaradır, Azərbaycan Dövlət Konservatoriyasında vokal dərsləri verir. 17 aprel 1938-ci ildə SSRİ xalq artisti fəxri adı ilə təltif olunur. 1949-cu ildə Şövkət xanım professor elmi rütbəsinə yiyələnir. Dörd çağırış Ali Sovetin deputatı olur.    Şövkət xanım 8 iyun 1981-ci ildə Bakıda vəfat edir, Fəxri xiyabanda dəfn olunur. /teleqraf.com/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar