Tarix: 05.12.2016,   Saat: 16:32, Bazar ertəsi.          

Siyavuş Novruzov: «Azərbaycan keçmiş postsovet və Şərqi Avropa məkanında ən azad ölkədir» - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsi

 

- Azərbaycanda referendumun keçirilməsinə bir neçə gün qalıb. Ölkədə referendumqabağı vəziyyəti necə dəyərləndirirsiniz?

 

- Vəziyyəti çox yüksək dəyərləndiririk. İlk növbədə qanunvericilik bazamız var və buna uyğun olaraq, referendumun keçirilməsi üçün tam şərait yaradılıb. Dünyanın az ölkəsində bizim kimi dairə seçki məntəqələrinə hər yerdə xüsusi binalar tikilib. O cümlədən, məntəqələrin hər biri tam hazırdır. Yerlərdə xeyli görüş keçirilib. İndiyədək  YAP təşviqat qrupu 1100-dən artıq görüş keçirib və bu, qanunvericiliyin icazə verdiyi müddətə qədər davam edir. Bu görüşlər, internet, proşürlar vasitəsi ilə əhali məlumatlandırılıb. Eyni zamanda Mərkəzi Seçki Komissiyası da məlumatlandırma sahəsində tədbirlər görür. Səsverməyə çıxarılacaq hər bir maddə və dəyişiklik barədə əhali artıq xəbərdardır. Referendumla bağlı insanlar arasında xeyli ruh yüksəkliyi var. Çünki orda qoyulan məsələlər insanların xeyrinədir. Bu məsələlər insan hüquq və azadlıqlarının qorunmasının daha da möhkəmləndirilməsi, dövlət strukturunun daha da təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və digər bu kimi sahələri əhatə edir.

 

- Referendumla bağlı müxalif düşərgədən heç bir təşviqat qrupunun qeydə alınmaması fərqli fikirlərə səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

 

- Təşviqat qruplarının yaranması üçün həm Seçki Məcəlləsində və MSK tərəfindən qəbul olunmuş təlimatlarda göstərilən müddəalara uyğun olaraq, bir dairə ərazisində təşviqat aparmaq istəyən hər hansı təşkilat və ya partiya təxminən 500 nəfəri toplamalıdır. Ölkə üzrə isə təxminən 2000-dən çox toplanmalıdır ki, belə bir təşəbbüs qrupu yaratsın. Bundan sonra təşəbbüs qrupu müvafiq sənədləri MSK-ya təqdim edir və oradan onlara imza vərəqələri verilir. Bu imza vərəqələri ümumrespublika miqyasında təşviqat qrupu yaratmaq üçün 40000-dən çox imza tələb olunur. Azərbaycanda 5 milyona yaxın seçici var. 40 min seçici 5 milyon seçicinin heç 0,1 faizi etmir. Bu qədər az imzanı belə toplaya bilməyən təşkilatın cəmiyyətdə sosial bazasının olmaması açıq görünür.

 

Bəzən görürsən ki, "Facebook"da, ümumiyyətlə internetdə bir yazını izləyənlərin sayı 200 minə çatır. Məsələn, hansısa müğənni haqqında yazılan xəbəri azı 40 min nəfər izləyir. Amma müxalifətin bir liderini bundan dəfələrlə az izləyirlər, bəzən heç izləyən yoxdur. Yəni müxalifətin hər hansı fikri müğənni ilə bağlı xəbər qədər belə cəmiyyətə maraqlı deyil. Onlar imza toplaya bilmirlərsə, bu, onların problemidir. Buna görə iqtidarda, cəmiyyətdə problem axtarmaq lazım deyil. Heç bir müxalif partiyada bu gün buna yetəcək elektorat yoxdur.

 

Müxtəlif bəhanələr gətirirlər. Guya yerlərdə onlara imkan verilməyib, şərait yaradılmayıb və sair. Bakıda nə qədər böyük binalar var və burda icra başçısı, yaxud kimsə gəlib binanın qapısında durmayıb ki, buna mane olsun. Bütün bunların hamısı bəhanədir. Vətəndaşlar bu insanları qəbul etmir, imza vermir. Xalq görür ki, bunlar xarici təşkilatlara qulluq edirlər, Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə gedirlər, ordu quruculuğuna zidd gedirlər, ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyirlər və sair. Bu gün dünyada ən önəmli şərtlərdən biri ictimai-siyasi sabitlikdir. Ətrafımızda nələrin baş verdiyini görürük. Qardaş Türkiyədə hər gün ya əsgər şəhid olur, ya terror hadisəsi baş verir. Türkiyə 80 milyonluq ölkədir və min ildən artıq tarixi var. 500 il də imperiya olub.  Yaxud xalq görür ki, bu gün yollar çəkilir, məktəblər tikilir, xəstəxanalar istifadəyə verilir və sair. Bu baxımdan da artıq xalq sözə yox, görülən əmələ dəstək verir. Məsələn, o gün mitinqdə “Azadlıq!” qışqırırlar. Biz azad deyilik? 90-cı illərin havası bunların başında qalıb. Bu gün Azərbaycan keçmiş postsovet ölkələri arasında, şərqi Avropa ölkələri arasında ən azad ölkədir. Ən müstəqil siyasət yürüdən ölkələrdən biriyik. Baxmayaraq ki, ərazisi və əhalisi o böyük dövlətlərdən azdır, onların hamısı ilə bərabər və qarşılıqlı münasibətlər yaradıb. Məsələn, bu yaxınlarda MDB-nin tədbirində cənab prezidentin Ermənistan prezidentinə verdiyi cavabı götürək. Görün, dövlətlərin qarşısında Azərbaycanın maraqlarını necə təmsil etdi. Amma görək, müxalifətdəkilərdən hansısa biri adi bir erməniyə qarşı bu cür çıxış edib? Xeyr. Yaxud, bu günlərdə Avropa Parlamenti nümayəndə heyətinə cənab prezidentin verdiyi cavabları götürək. Bütün bunların hamısının altından xalq xətt çəkir və dəstəkləyir. Fəxr edir ki, Azərbaycanın bu cür lideri var. Bilirsiniz, bir var prezident, bir də var eyni zamanda lider olmaq. Prezident İlham Əliyev bu gün həm də Azərbaycan xalqının lideridir. Azərbaycanı irəli aparır. Bütün bunlarla müqayisəyə görə həmən müxalifətin xalq arasında heç bir sosial bazası yoxdur və imza toplaya bilmir.

 

- Milli Şura və Musavat Partiyası mitinqlər keçirdi. Mitinqlə bağlı açıqlamanızda bunların qanunsuz olduğunu bildirdiniz. Halbuki aksiyalar Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilib. Belə çıxır ki, BŞİH qanunsuzluğa yol verib?

 

- Xeyr. Burada məsələ nədən ibarətdir. Referendumla bağlı hər hansı bir aksiya keçirmək istəyirlərsə bu, Seçki Məcəlləsinin tələblərinə uyğun olmalıdır. Yəni, öncə təşviqat qrupu yaradılmalıdır. Bundan sonra istər lehinə, istərsə, əleyhinə təbliğat apara bilərlər. Bu gün isə 3 təşviqat qrupu MSK tərəfindən qeydə alınıb: “Yeni Azərbaycan”, Bələdiyyələr və bir də vətəndaş cəmiyyəti. Qalan təşkilatların təbliğat-təşviqat kampaniyası dövründə (3-24 sentyabr) referendumla bağlı hər hansı fikir irəli sürməyə ixtiyarı yoxdur. Bu, Seçki Məcəlləsinin tələbidir. İstəyirdilərsə, təşviqat qrupu yaradıb, bunu edəydilər. Bunlar nəinki yarada bilmədilər, heç yaratmağa cəhd də göstərmədilər. Çünki anlayırdılar ki, bunun üçün elektorat yoxdur.

 

 

Digər bir məsələ var ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, istənilən partiya, təşkilat, dərnək, şura sərbəst toplaşmaq hüquqlarından istifadə edə bilər. Bunlar keçirə bilərlər. Amma bunun şərtləri var. Birincisi, orada referendumla bağlı bir kəlmə söyləyə bilməzlər, çünki təşviqat qrupu deyil. İkincisi, orada milli, irqi, dini ayrı-seçkilik salıblarsa, şəxsiyyətin şərəf və ləyaqətini təhqir ediblərsə, onda mitinq qanunsuzdur və dərhal dayandırılmalıdır. Bu, qanunun tələbidir. Bizim “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunumuz Venesiya Komissiyasının əsas sənədlərindən biridir və digər ölkələrə də tövsiyə olunub.

 

Təşkilatçılar mitinqlə bağlı BŞİH-ə müraciət ediblər ki, sərbəst toplaşma azadlığı ilə bağlı tədbir keçirirlər. BŞİH də bunları nəzərə alır, yer ayırır və hüquq-mühafizə orqanlarından onların təhlükəsizliyini təmin etməyi xahiş edir. Lakin bunlar vəziyyətdən sui-istifadə edərək, iki qanunu da pozublar - Həm Seçki Məcəlləsi, həm də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu. Mitinqlərdə bütün çıxışlarda həm referendumla bağlı fikirlər söylənildi, referendum əleyhinə çağırışlar oldu, həm də dini, milli ayrı-seçkilik salındı və dövlət nümayəndələrinə qarşı təhqirlər səsləndirildi. Buna görə də mütləq hüquq-mühafizə orqanları mitinqə imza ataraq cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etməlidir. Bunu etməlidirlər, çünki qanunun tələbidir.

 

 

Bundan başqa, mitinqlərdə bunlar qarşı durma yaratmaq istəyirdilər. Yəni bu cür qadağan olunmuş ifadələri işlədəndə hüquq mühafizə orqanları gərək mitinqi dağıdaydı. Amma hüquq mühafizə orqanları çox böyük səbir nümayiş etdirdi. Dağıtmadılar. Çünki müdaxilə etsəydi qarşı durma yaranacaqdı və mitinqin təşkilatçılarının da istəyi elə bu idi. Avropaya, ayrı-ayrı təşkilatlara müraciət etsinlər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulur. Hətta onlar çalışırdılar ki, orada ölüm hadisəsi də olsun. Bunlara belə daha çox sərf edir. Nə qədər çox qan tökülsə bunlar üçün bir o qədər uğurdur. Amma hüquq mühafizə orqanları çox səbir nümayiş etdirərək buna imkan vermədilər. Amma onların o mitinqdəki çağırışları bir başa qanun pozuntusu idi və cinayət məsuliyyəti yaradır.

 

- Milli Şuranın mitinqində dindarların da iştirakı müşahidə olundu və bu, birmənalı qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz ?

 

- Bu barədə Qafqaz Müsəlmanları idarəsi (QMİ), Dini Komitə ilə birgə bu sahə üzrə MM-in komitəsi kimi biz də bəyan edirik ki, dinlə bağlı heç bir problem yoxdur. Bütün din icmaların azad fəaliyyət göstərməsi üçün “Dini etiqad azadlığı haqqında” qanun var. Qanunun tələblərinə uyğun olaraq, rəsmi qeydiyyatdan keçmiş bütün dini icmalar fəaliyyət göstərə bilər. Azərbaycanda qeydiyyatdan keçmiş 3 minə qədər dini icma var. 2 mindən çox məscid fəaliyyət göstərir. İstər, ulu öndər Heydər Əliyev tərəfindən, istər hazırda cənab prezident İlham Əliyev tərəfindən, istərsə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım tərəfindən bütün ibadətgahlar, ziyarətgahlar, dini abidələr qorunur, təmir olunur, saxlanılır. Qafqazın ən böyük məscidi – Heydər məscidi məhz Azərbaycandadır. Məsələn, dindarlar qəsəbəsi kimi götürsək, təkcə Nardarana prezidentin ehtiyat fondundan 20 milyon manatdan çox pul ayrılıb. Bu, bir rayonun büdcəsi deməkdir. Yəni dinə diqqət böyükdür.

 

 

 

Bir də var dini ekstremizm. Bu nədir? Bununla bağlı “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunumuz da var. Bunlar müxtəlif ölkələrin təsirinə düşən, din adı altında Azərbaycanın dövlət quruluşunu, Konstitusiyanı dəyişməyə və yeni dini quruluş yaratmağa cəhd edən qüvvələrdir. Məhz o mitinqdə də o cür düşünən və cinayət məsuliyyətinə cəlb olunan insanların qohum-əqrəbası iştirak edirdi. Azərbaycanın dövlət quruluşu Konstitusiyamız ilə müəyyənləşib, unitar, dünyəvi dövlətdir. Dövlətdən ayrı olmağına baxmayaraq, həmişə dinə ciddi şəkildə diqqət və qayğı göstərilib.

 

 

Xaricdə təhsil alanlar, oranın kəşfiyyat orqanları ilə təmasda olanlar, təsir altına düşənlər və bir də ayrı-ayrı silahlı birləşmələrdə din adı altında vuruşanlar var. Oraya da toplaşanlar bunların ətrafı idi. Mitinqə kənardan bir də baxaq: bu tərəfdə şüar yazır ki, Avropa Birliyi ilə müqavilə imzalanmalıdır, Avropaya girməliyik, o biri tərəfdə də “Allahu əkbər!” qışqırırlar, şüar qaldırırlar. Deməli bunlarda məqsəd odur ki, kim olur olsun, ora toplamalıdırlar, təki dövlətin əleyhinə olsun. Yəni əqidə birliyindən, partiya silahdaşlığından söhbət gedə bilməz.

 

- Musavat Partiyası və Milli Şura birgə mitinq keçirməyə qərar versə də, bu baş tutmadı...

 

- Bu dəqiqə bir-birlərinə qarşı təhqir yağıdır, bir-birlərini bəyənmir. Aralarında yarış gedir. Yarış nədən ibarətdir? Xarici təşkilatlara göstərmək istəyirlər ki, daha çox müxalifətdir. Bu da sadə məsələ deyil. Bunun hamısının arxasında pul dayanır. Yəni hansı təşkilatdan kim daha çox pul alacaq. Dava yorğan davasıdır.

 

 

Erməni lobbisi,  xaricdən dəstəklənən dini ekstremistlər, FETÖ-cülər və digərləri Azərbaycanda ictimai sabitliyi pozmaq üçün vəsait ayırır. Bunlar bu vəsaitin üstündə dalaşırlar. İndi də görünür ki, pulu bölmək üçün razılaşa bilmədilər və birlikləri alınmadı.

 

Ümumiyyətlə, Müsavat ilə AXCP arasında heç vaxt birlik olmayıb və olmayacaq. Vaxtı ilə Əbülfəz Elçibəy xahiş elədi ki, onu vahid namizəd kimi qəbul eləsinlər, Müsavatın o vaxtki başqanı İsa Qəmbər imtina elədi. Amma indi deyirlər, “Elçibəy atamızdı, Elçibəy liderimizdir, yolumuz ELçibəy yoludur” və sair. Yəni bunlarda daxili iddia, hakimiyyət hərisliyi, vəzifə hərisliyi o qədər çoxdur ki, bunlar heç vaxt birgə ola bilməyəcək.

 

 

Çünki onları maliyyələşdirənlərin ayırdığı pulu bölə bilmirlər.

 

- Konkret kimlərdir və yaxud hansı ölkələrdir onları maliyyələşdirənlər?

 

- Əsasən ölkələrdir. Ad çəkməyəcəyəm, ona görə ki, o ölkələr ilə rəsmi münasibətlərə hörmət etməliyəm. Amma biləsiniz ki, digər yerlərdə dini ekstremistlərdən istifadə edənlər burda da maliyyələşdirirlər.

 

- YAP referendumla bağlı mitinqlər keçirməməsinin səbəbi nədir?

 

- YAP referendumla bağlı görüşlər, açıq və qapalı tədbirlər keçirir. Bizim ən xırda görüşlərimizdə belə müxalifətin toplaşıb bir yerdə yığdıqları adamlardan iki dəfə çox adam olur. Adi bir rayonda, hətta onların ölkə üzrə yığdığından daha çox adam yığırıq. Bakının rayonlarında, Gəncədə mütəmadi tədbirlər keçirilir. Hazırda şimal bölgəsində davam edir. Hər bölgədə belə görüşlər olur. Bölgələrdən o insanları yığıb toplamaqdansa, biz onların yanına gedirik, izah edirik. Məsələn, müxalifətin mitinq keçirdiyi yer Yasamal rayonu ərazisindədir. Orda 24 min üzvümüz var. Ailə üzvlərini saysaq, onların ölkə üzrə yığdığından 10 dəfə çox edər.

 

- Yasamal demişkən, partiyanızın o rayon üzrə təşkilat sədri, Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədovun adı mətbuatda “keçmiş MTN işi” istintaqı ilə bağlı hallandı. T. Əhmədova qarşı hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov tərəfindən ittihamlar səsləndirilir.

 

- Bu, hüquq-mühafizə orqanlarının işidir. Hüquq-mühafizə orqanları bunu sübuta yetirsə və ittihamlarla bağlı məsuliyyətə cəlb etmə olsa, o zaman partiya həmin şəxslə bağlı addım atacaq. Çox adam haqqında çox ittiham səsləndirirlər. Konkret qərar olsa, buna  uyğun olaraq, Tağı Əhmədovla bağlı qərar verəcəyik.

 

- Azərbaycan prezidentinin Bakıda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşündə dedikləri ictimaiyyətdə geniş maraqla qarşılandı. Sizcə, bundan sonra Avropa Parlamentinin Azərbaycana münasibətində hansı dəyişikliklər olacaq?

 

- Hesab edirəm ki, addımları artıq Avropa Parlamenti atmalıdır. Cənab prezident o qədər konkret, dəqiq, düzgün danışdı və onların ədalətsiz addımları nümayəndə heyətini elə fakt qarşısında qoydu ki, yer ayrılmalı idi, xəcalətdən yerə girsinlər. Çünki bu qədər ədalətsizlik, Azərbaycana qarşı bu qədər kin olmaz.

 

 

 

Məsələn, bütün Azərbaycan şahiddir ki, jurnalist Rasim Əliyevin öldürülməsi hadisəsinə dövlət necə diqqətlə yanaşdı. Bu hadisəyə görə 7 nəfərə 70 ildən çox həbs cəzası verilib. Məhkəmə də çox açıq keçdi. Yaxud Azərbaycanda ATƏT-in ofisinin bağlanması ilə əlaqədar baş verənlər. Bütün bunları cənab prezident bir-bir onlara sadaladı. İndi onlar bu sadalanan faktlara görə etdikləri ədalətsizlikdən nəticə çıxarmalıdırlar. 20 ildən çoxdur ki, Freedom House və digər bu qəbildən olanlar Azərbaycanla bağlı eyni şeyi deyirlər. Çevir tatı, vur tatı. O tərəfdə bəyan edir ki, Əfqanıstanda demokratik seçkilər keçirilib. Əfqanıstanda parlamentin 90 faizi heç yazıb oxumağı bacarmır. Amma Azərbaycana əksini deyirlər. Baxmayaraq ki, Azərbaycan nəinki indi, 100 il əvvəl şərqdə ilk respublikanı, operanı yaradıb. Azərbaycanda hazırda əhalinin tam əksəriyyəti təhsilli, ali təhsillidir. Bu qədər ədalətsiz müqayisə olmaz ki, onlar edirlər. Təbii ki, Azərbaycanın sərvətlərini mənimsəmək, nəsə əldə etmək istəyirlər.

 

 

 

Ötən il bizdə Avropa oyunları, bu il Braziliyada Olimpiada keçirildi. Bizdəki təşkilatlanma, oyunlar zamanı təhlükəsizliyə fikir verin, bu il Braziliyada baş verənlərə baxın. Braziliyada küçədə soyulmayan, döyülməyən turist qalmadı. Hətta bizdə keçirilən Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi dünyada nümunə kimi götürüldü. Amma Avropa Parlamentini belə bir oyunları keçirdiyimiz zaman götürüb bir qərar qəbul elədi ki, Azərbaycana heç kim getməsin. Birincisi, BMT-nin müvafiq qətnaməsi var ki, idman siyasətdən ayrıdır. İkincisi, gəlin iştirak edin, baxın, görün. Axı bu, idmandır. İdman sülh yaradır, ayrı-seçkilik yox.

 

 

Xatırlayırsınızsa, Böyük Vətən müharibəsi zamanı Ukrayna SSR-nin “Dinamo - Kiyev”  futbol klubunun üzvlərini almanlar əsir götürmüşdü. Almanlar öz klublarının onlarla yoldaşlıq görüşünü təşkil edib, oyun zamanı müharibəni bir kənara qoydular. O hara, Azərbaycana oyunlar zamanı göstərilən münasibət hara? Ötən il Avropa Parlamentində də bu qərarın verilməsinə kim rəhbərlik etdi? Milliyyətcə alman olan Şults! Buna deyən lazımdır ki, sən get öz dövlətçilik tarixinə bax, sonra gəl bizlə ədalətdən dəm vur. Sənin dövlətin Almaniya bəşəriyyətinə başına iki dünya müharibəsini gətirib. Holokost kimi soyqırımına “imza atıb”. 40 milyondan çox insanın qanı onların əlinə bulaşıb. Onlardan biri də elə mənim babamdır. Öldürdülər, qəbrini də tapa bilmədik ki, gedib bir gül qoyam. Buna görə almanlardan çox yanıqlıyam! Və yaxud, Türkiyəni 1915-ci ildə guya ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edirlər. Bunlar unudurlar ki, həmin vaxt Almaniya Türkiyə ilə müttəfiq idi və əgər elə soyqırımı olubsa, deməli burada Almaniyanın da əli var. İndi bu dövlət bizə haqq-ədalətdən dərs keçir. Bilirsiniz, hər şeyə ədalətli yanaşmaq lazımdır.

 

- Milli Məclisdə rəhbərlik etdiyiniz komitənin gündəmində ötən sessiya dini etiqadla bağlı qanuna edilən dəyişiklikdən irəli gələrək dini ekstremizmə qarşı mübarizə, ictimai yerlərdə dini təbliğat və əcnəbilərin dini təbliğatı ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə sanksiyaların əlavə edilməsi var. Bu, nə vaxt müzakirəyə çıxarılacaq? Bəzi hallarda bunun əleyhinə fikirlər səslənir...

 

- Payız sessiyasında bunu müzakirəyə çıxarıb, qəbul edəcəyik. Bu, olmalıdır, çünki ötən il qanuna dəyişiklik edilib və ondan irəli gələrək sanksiyalar müəyyənləşməlidir. Bir məsələyə aydınlıq gətirim ki, qanun geriyə şamil olunmur. Çoxu qorxur ki, xaricdə təhsil alıb gəlib və qanun qüvvəyə minib deyə, problem yaranacaq. Xeyr. Bu sanksiyalar qüvvəyə minəndən sonra gələcəkdə kim xaricdə təhsil alacaqsa və yaxud digər əməlləri edəcəksə, ona tətbiq olunacaq. Bu dəyişikliyi niyə etdik, çünki xeyli səbəb yaranmışdı.

 

Əvvəla, xaricdə dini təhsil alanlar orada 7-8 il qalırlar. Din mövzusunun həssaslığını nəzərə alsaq, bu müddətdə həmin şəxsin dünyagörüşü, düşüncəsi tamam dəyişir, həmin ölkənin baxışlarına uyğun formalaşır. İkincisi, illərdir Azərbaycanda formalaşmış dini etiqada haradansa gəlmiş yeni yanaşmalar tətbiq olunmur, tətbiq etmək alınmır. Üçüncüsü, dünyada biri demokratiya adı altında, biri din adı altında öz agenturasını yaradır, yerləşdirir. İstəmirik ki, bu cür hallar Azərbaycanda kök atsın. İstəmirik ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai siyasi sabitlik pozulsun. Məsələn, qardaş Türkiyədə iyulun 15-də bunun nümunəsini gördük. Həmin FETÖ-çülər din adı altında hansı addımları atdılar. Başqa ölkələrdə dini zəmində baş verən qarşıdurmaları misal göstərmək olar. Məsələn, vaxtı ilə dünyanın harada qulduru, oğrusu vardı din adı altında Rusiyada Şimali Qafqaz bölgəsinə yığışıb, silahlı dəstələr yaratmışdı. Nəyə görə vətəndaşımız Azərbaycanda təhsil almasın, haradasa təhsil alıb gəlsin, oranın psixologiyasını tətbiq etsin. Elə özümüz o təhsili verək də...

 

 

- Azərbaycanda dini təhsili tam olaraq verə biləcək baza var?

 

- Deyərdim ki, var. Bakı İslam Universiteti var, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi var. Bundan başqa, şərqşünaslıq fakültəsini bitirən də bu tədrisi apara bilər. Adi orta məktəb müəlliminin dini biliklərini bir az artırsaq, o da bu ritualı həyata keçirə bilər. Baza var.

 

- Ümumiyyətlə, Azərbaycanda dini kəsimlə bağlı narahatlıq nədən ibarətdir ?

 

- Narahatlıq tək Azərbaycanda deyil. Daha doğrusu, kənardan, müxtəlif yerlərdən qidalanır. Məsələn, günün günorta çağı ən müasir silahlarla 60 minlik İŞİD ordusu ortaya çıxdı. İŞİD-i araşdırsaq, bu ordunun cəmi 20 faizi müsəlmandır. Ordunun düz 10 min nəfəri təkcə Avropa Birliyinə daxil olan ölkələrdəndir. Xeyli hissəsi Amerika qitəsi  ölkələrindən gəlib. Bir hissəsi də vaxtı ilə Yaxın Şərqdə əməliyyat aparan ABŞ ordusunun keçmiş hərbçiləridir. Amma adını “İslam ordusu” qoyublar. Azərbaycanda təxminən 750-1100 arası adam orada ayrı-ayrı silahlı birləşmələrə qoşulub. Ya Əsəd, ya əks tərəfdən vuruşur, ya da İŞİD-in tərkibindədir. Onlar Azərbaycana qayıdanda həmin psixologiyanı özləri ilə gətirirlər. Burda həmin qruplaşmanı yaratmağa cəhd edirlər. Mən müharibə veteranıyam. Bilirəm, döyüş nə deməkdir. Araşdırma aparmışam. Ora gedənlərin heç biri əsgərlikdə olmayıb, silah görməyib. O zaman bunu aparan səbəb nədir? Məlum oldu ki, səbəb pula şirnikləndirmə, talan edilmiş qənimətlər və sair. Bəziləri də kölə edilmiş qadınların fikri ilə gedib. Bunlar hansı psixologiya ilə qayıdırlar? Fəaliyyətlərini davam etdirib, ətrafına adamlar yığacaqlar. Təhlilləri aparıb gördük ki, nə qədər qorxulu tendensiya ilə üz-üzəyik. Ona görə də bunun qarşısını almaq üçün qanunvericilikdə məlum dəyişikliyi edirik, hətta vətəndaşlıqda çıxarmaya qədər gedirik.

 

- Azərbaycandan bu il Həcc ziyarətinə 1050 nəfər zəvvarın getdiyi açıqlanıb. Bu ziyarətlər bağlı fərqli fikirlər səslənir. Bunların içərisində daha çox ziyarətin təşkilinə yalnız QMİ-nin nəzarət etməsi və sərbəst təşkilatlanma mexanizminin olmaması, qiymətlərin bahalığı, imkanlı və tanınmış şəxslərin təkrar ziyarətə getməsi və sair məsələlər var. Sizcə bu missiyada yeni mexanizmin tətbiq olunması lazımdırmı?

 

- Birincisi bunun mexanizmi elə dinin özündə var. Həccə o insan getməlidir ki, buna tam hazır olsun. Amma hazırda ora turist kimi gedən də var, kiminsə pul verib göndərdikləri də. Həcc hər bir müsəlmanın istəyidir. Müsəlmanın iki vətəni var. Bir doğulduğu yer, bir də Məkkədir. Təəssüf ki, Həclə bağlı qaydalar bizdə düzgün yerinə yetirilmir. Çünki hər şeydən əvvəl Həccə hər kəs öz vəsaiti hesabına getməlidir. Amma bizdə biri bankdan pul oğurlayır və onunla Həccə gedir, yaxud o pulla kimisə Həccə göndərir. Kiminsə boğazından kəsib, kimisə Həccə göndərir. Bu, nə dərəcədə düzgündür? Çox adam tanıyıram ki, Həcdən qayıdandan sonra heç bir əməli yerinə yetirmir.

 

Bizdə bir

 

Mən xatırlayıram, o vaxt ümummilli lider Heydər Əliyevə Səudiyyə Ərəbistanı Kralı 300 yer vermişdi. Ondan 30 yer partiyamıza ayırdı. Bizə tapşırdı ki, partiyadan mömin olan, imkanı olmayanı göndərək. Onu o vaxt partiyada mən müəyyənləşdirirdim. Həmin vaxt o qədər adam mömin çıxdı ki, seçim etmək çətin oldu. Amma biz axtardıq, seçdik, elə adamları göndərdik ki, həm imkanı yoxdur, həm də həqiqi mömin kimi gedir və gələndən sonra ritualları yerinə yetirəcək.

 

Mən düşünürəm ki, bu işin təşkili ilə elə QMİ məşğul olmalıdır. Çünki başqa cür olsa, hərc-mərclik yaranacaq. Qiymətlərə gəldikdə bu insanların özündən asılıdır. Yaxşı şərait seçmək istəyəndə, onun öz qiyməti olur.

 

- Siz özünüz Həccə getmək barədə düşünürsünüz?

 

- Həccə getmək mənim ən böyük arzumdur. Amma hələ buna hazır deyiləm. Oruc tuturam, başqa müəyyən dini ritualları yerinə yetirirəm. Amma Həccə getməyə hələ hazır deyiləm... 



  Bölmə: Manşet | Baxış sayı: 361 | Tarix: 23.09.2016, 14:46


Xəbərlər