SERJ SARKİSYANİN ANLAŞILMAZ "ERMƏNİ BUDAQ CÜMLƏLƏRİ"
05.09.2014 1257 0.0 0

 

Son vaxtlar Ermənistan prezidenti Serj Sarkisyanın çıxışları getdikcə daha çox can verməni xatırladır. NATO-da sonuncu çıxışı da istisna deyil.

Ermənistan prezidenti bəyan edir ki, ölkəsi təhlükəsizlik kimi, sülhün də qiymətini çox yaxşı bilir. Bu "sülh"ün və "təhlükəsizliy"in qiymətini regionda hamı bilir. Bu qiymət Dağlıq Qarabağın işğalı zamanı qətlə yetirilən minlərlə azərbaycanlının həyatıdır. Xocalı soyqırımının təşkilində iştirakını gizlətməyən S.Sarkisyan da bu qiyməti çoxlarından yaxşı bilir.

İctimai ideallar uğrunda gündəlik mübarizə Ermənistanın özündə də "gözəl nəticələr" verir. Həm də bu mübarizənin əsası, çox güman ki, "nə qədər az adam olsa, bir o qədər sakit və təhlükəsiz olar" düsturundan götürülür. Bu ölkədə qurulan "demokratiya" sayəsində onun vətəndaşları başqa ölkələrdə yaşamağa üstünlük verirlər.

Ermənistan rəhbəri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında yeganə ixtisaslaşdırılmış beynəlxalq strukturun - ATƏT-in Minsk qrupunun leksikasına söykənməyi xahiş edir.

ATƏT-in Minsk qrupu nizamlanma prosesi ilə məşğul olmalıdır, amma uzun illər ərzində işdə heç nəyə nail olmayıb. Bununla yanaşı, S.Sarkisyanın özü qeyd edir ki, bu, "yeganə strukturdur". Və əgər "bu gün mövcud olan bu yeganə struktur" heç bir nəticə vermirsə, başqa həll yolları axtarmağın vaxtı çatmayıbmı? S.Sarkisyan anlayır ki, yeni yollar uzun müddət ərzində ATƏT-in Minsk qrupunun işi ilə paralel olaraq saxlanan "status-kvo"nun aradan qaldırılması ehtiyacına gətirib çıxaracaq. Bu, həmçinin Azərbaycanın ərazi bütövlüyünün başqa, eləcə də hərbi yolla bərpa etmək hüququnu istisna etmir.

NATO-da qəbul olunacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sənəd haqqında danışan S.Sarkisyan hesab edir ki, Azərbaycan "belə kağızlarla ruhlanır". Beləliklə, S.Sarkisyan beynəlxalq strukturların qərarlarına münasibətini nümayiş etdirir. Halbuki burada yeni heç nə yoxdur. Axı məhz bu ölkə BMT-nin Qarabağa dair 4 qətnaməsini tanımır. Elə görünə bilər ki, Ermənistanı beynəlxalq dəstək ümumiyyətlə maraqlandırmır. Amma bu iddia öz lobbisinin köməyi ilə bütün dünyaya özünün dəstəklənməsi üçün müxtəlif sənədlər "dürtməyə" cəhd edən Ermənistanın hərəkətlərini təkzib edir.

Ermənistana onun düşməninin müttəfiqlərinin olması xoş gəlmir. O, NATO-nu qınayır ki, bu qurumun üzvü olan Türkiyə Azərbaycanı dəstəkləyir. Və bütün bunlar bir yana, amma, düzünü desək, ərazisində Rusiya silahlı qüvvələrinin yerləşdirildiyi və həmişə sonuncunun xeyrinə NATO və Rusiya arasında xüsusi bufer kimi xidmət edən bir ölkənin kiminsə dəstəyindən NATO-ya şikayət etməsi gülməlidir.

Bununla yanaşı, Ermənistan dövlətinin rəhbəri bilməlidir ki, hər bir əsgərin həyatı Azərbaycan üçün qiymətlidir. Bu gün Azərbaycan müharibə şəraitində yaşayır və təəssüf ki, itkilər verir. Lakin S.Sarkisyan hamıdan yaxşı bilir ki, hər bir azərbaycanlı şəhidin həyatı bir neçə erməni hərbçinin həyatıdır. Vətəndaşlarının sayı hər saat azalan Ermənistan üçün isə bu ən ağrılı məsələdir.

Bütün bunlara baxmayaraq, S.Sarkisyan öz bəyanatında etiraf edir ki, bu sənədin qəbulu Ermənistan üçün "yaxşı heç nə vəd etmir". Bu, demək olar ki, səmimi etirafdır.//Trend


Teqlər:SERJ SARKİSYANİN ANLAŞILMAZ ERMƏNİ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar