Sarkisyan ordumuzun dağıtdığı bazanı qoyub qaçan komandiri qovdu
23.05.2016 846 0.0 0

Aprel döyüşləri zamanı ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib. Məlumata görə, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan da təsdiqləyib.

Polkovnikin vəzifəsindən azad edilməsinin əsas səbəbi kimi aprel döyüşləri zamanı müəmmalı şəkildə yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra geri qayıtmasıdır. Bu məlumatlara münasibət bildirən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, onda olan məlumata görə, polkovnik aprel döyüşləri zamanı məzuniyyətdə olub:

“Mətbuat nümayənləri sual verir ki, polkovnik Arutyun Əmirxanyan döyüşlər zamanı işdə olmadıqda onun vəzifəsini kim icra edib? Belə olan halda qanunla onun vəzifəsini müavini icra edib”.

Əmirxanyanın aprel döyüşləri zamanı yoxa çıxmasını mətbuat onun ayağının sınması və müalicə olunması ilə əsaslandırmağa çalışsa da, bu öz təsdiqini tapmayıb.

 

İşdən qovulan polkovnik- Arutyun Əmirxanyan 

 

Aprelin 4-də gecə saatlarında döyüşlərin qızğın getdiyi vaxtda qarşı tərəfin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında qarşı tərəfin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Həmin gün cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.

 


Bununla yanaşı Ermənistan ordusunda yeni təyinat da olub. Prezident Serj Sarkiyanın fərmanı ilə polkovnik Temur Şahnəzəryan - rabitə qoşunlarının rəisi - rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin rəisi təyin edilib. Bu barədə erməni dövlət başçısının mətbuat xidməti xəbər yayıb. 

Cəbhədə aprel ayında baş verən hadisələrdən sonra Serj Sarkisyan bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarıb. O, bu barədə əmr imzalayıb. 

Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı işdən çıxarılıb. İşdən qovulanlar arasında bu gün yerinə təyinat olan baş qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var idi. /anspress/


Digər xəbərlər:
Şərhlər
avatar