Şagirdlərin saçını kəsən müəllim işdən çıxarıldı
01.04.2016 502 0.0 0

Tovuzda şagirdlərin saçını kəsən müəllim işdən çıxarılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı  Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb.

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib.

Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək 01.04.2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib. Məktəb direktoruna isə xəbərdarlıq olunub.

Saat 12:38

Tovuz rayonu Cəlilli kənd orta məktəbinin direktor müavininin şagirdlərin saçını kəsməsi hadisəsi ilə bağlı artıq Tovuz Rayon Təhsil Şöbəsində (TRTŞ) komissiya yaradıb. Bu barədə TRTŞ-nin müavini Murğuz Əsədov deyib. 


"Hazırda komissiya əməkdaşları məktəbdə araşdırma aparır. Məsələ ilə bağlı həm şagird, həm direktor müavini Zeynəb Həsənova dindirilib. Bununla bağlı qərar sabah veriləcək", - deyə o, əlavə edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, məktəbin nümunəvi nizamnaməsinə əsasən, istər şagird, istərsə də müəllim məktəbə nümunəvi formada gəlməlidir. "Buraya gigiyena qaydaları, geyim və s. daxildir. İstər şagirdlər, istərsə də müəllimlər saç düzümünə də fikir versələr, yaxşı olar. Amma bu, o demək deyil ki, biz Tovuz rayonundakı məktəbdə işləyən müəllimənin etdiyi hərəkətə haqq qazandırırıq", - deyə qurum rəsmisi bildirib.

 

Cəsarət Valehov - Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Ötən gün Tovuz rayonunda Cəlilli kənd orta məktəbində təhsil alan oğlan şagirdlərin valideynləri şikayət edərək məktəbin direktor müavini Zeynəb Həsənovanın şagirdlərin saçlarını kəsdiyini bildiriblər. Aşağı sinif şagirdləri də saçlarını Zeynəb müəllimənin kəsdiyini deyiblər. Buna baxmayaraq Z.Həsənova ona qarşı deyilən ittihamları rədd edir və o, heç bir şagirdin saçına əl vurmadığını bildirir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar