Tarix: 03.12.2016,   Saat: 19:38, Şənbə.          

Ərzaq təhlükəsizliyinə hansı orqan cavabdehdir?

Fazil Talıblı: “Bu sahəyə nəzarət edən qurumlar nəzarəti müvəqqəti dayandırıb”; Eyyub Hüseynov: “Ölkədə hələ də qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur”

 

Son günlər kərə yağlarının, o cümlədən digər ərzaq məhsullarının keyfiyyətsiz olması ilə bağlı bir sıra məlumatlar gündəmdədir. Ən pisi isə budur ki, Azərbaycanda ərzaqların təhlükəsizliyinə nəzarət edən bir qurum yoxdur. Daha doğrusu var, amma o, ərzaq məhsullarına qanunla nəzarət edə bilməz. Yəni ötən ilin noyabrın qəbul edilən qanuna görə, sahibkarlıqla bağlı aparılan yoxlamalar 2 il müddətinədək dayandırılıb.
 
Təbii ki, bu qanundan sui-istifadə edən bir sıra işbazlar keyfiyyətsiz məhsullar idxal edirlər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yoxlamaların müvəqqəti dayandırılması səbəbindən komitə yanında Texniki tənzimləmələr və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin müəssisələrdə bu kimi problemləri araşdırmadığınmı deyir: “Qanun buna imkan vermir. Ancaq ərzaq məhsulları ilə bağlı zəhərlənmələr, xoşa gəlməyən faktlar aşkar olarsa və bununla bağlı qaynar xəttimizə şikayət daxil olarsa, məsələyə aidiyyəti üzrə baxıb müvafiq qurumlar qarşısında məsələ qaldırıb tədbir görmək olar. Ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət edən qurumlar var. Sadəcə olaraq onlar müvəqqəti olaraq yeni qanuna görə nəzarəti dayandırıb. Əslində bu qanun sahibkarların öz məhsullarının keyfiyyətini yüksəltmələri və fəaliyyətlərini genişləndirmək üçün əlavə şans yaradan bir qanundur. Çox təəssüf ki, biz bunun bəzi hallarda əksini görürük. Bir sıra sahibkarlar bundan sui-istifadə edirlər. Biz sui-istifadə hallarına qarşıyıq və bunu kəskin şəkildə qınayırıq”.
 
F.Talıblı alıcılardan ərzaq məhsulları ilə bağlı neqativ hal görərlərsə, qurumun qaynar xəttinə müraciət etmələrini xahiş etdi: “Bizə edilən müraciətlərə əsasən həmin ərzaqlardan nümunə götürüb laboratoriyalara müraciət edib, müəssisəyə getmədən onu araşdıra bilirik. Əgər laborator nəticələr şikayətçinin dedikləri ilə üst-üstə düşərsə, o müəssisənin keyfiyyətsiz məhsul istehsal etməsi barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti orqanlara məlumat verə bilərik. Həmçinin, əgər idxal olunan kərə yağıdırsa, Dövlət Gömrük Komitəsinə məlumat vermək olar ki, monitorinq nəticəsində laborator nəticələr mənfi olub. Ona görə də məhsulun ölkəmizə gəlməsinin qarşısı alınsın. Amma kərə yağları ilə bağlı son dövrlərdə alıcılar tərəfindən şikayətlər daxil olmur. Bundan başqa, kolbasalarla, hansısa çörəyin tərkibi ilə bağlı, həmçinin restoranda qidalanarkən yeməyin içindən dəmir boltun çıxması məsələsi ilə bağlı müraciətlər var. Amma bir daha deyim ki, təəssüf ki, biz bu müraciətləri qəbul edib müəssisəyə şifahi xəbərdarlıq etməklə işimizi yekunlaşdırırıq”.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə ölkədə kifayət qədər təhlükəli qida olduğunu dedi:“23 dekabr 2015-ci ildə ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya hazırlanıb. Guya Səhiyyə Nazirliyi həmin strategiyanı yerinə yetirir. Orada qeyd olunur ki, insanların erkən ölümlərinin səbəbi qeyri-infeksion xəstəliklərdir. Qeyri-infeksion xəstəliklərin də mənbələrindən biri kimi tütündən istifadə etmək göstərilir. Hansı ki, təhlükəli tütünə Səhiyyə Nazirliyi sertifikat verib. Qida qeyri-infeksion xəstəlik olaraq insanların həyatında böyük rol oynayır və ömrü qısaldır. Təəssüflər olsun ki, ölkənin qida sektoru kifayət qədər çirklənib. Xüsusən də son 6 ayda sahibkarlar onlar üçün yaradılmış toxunulmazlıq şəraitindən tam su-istifadə edirlər və ölkədə kifayət qədər təhlükəli qida var. Əgər səhər Bakının bazarlarına getsək görərik ki, minlərlə turşu ağzı hələ açılmayıb, amma artıq sağlamlıq kağızı var. Cəmdəklərin üzərində baytarlıq möhürü var. Demək olar ki, səhər tezdən bütün malların üzərində sertifikatları görə bilərik. Guya həkimlər səhərə qədər yatmır və malların keyfiyyətini yoxlayır. Bunların hamısı anormal haldır və alıcının aldadılmasıdır. Ən pisi isə odur ki, ölkədə qidanın təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Beynəlxalq təşkilatlar Azad İstehlakçılar Birliyinin iştirakı ilə hələ 4 il əvvəl belə bir qanunu hazırlayıb hökumətə verib. Mən həmişə düşünürəm ki, qərar qəbul edən insanların özləri, ailələri, uşaqları zəhərlənəndə onda başa düşəcəklər ki, Azad İstehlakçılar Birliyi ”Yeni Müsavat" qəzeti vasitəsilə nə demək istəyirmiş. Sertifikat verən orqanlarla əhalinin sağlamlıq keşiyində duran orqan bir əldə birləşib. Yəni hər bir mala Səhiyyə Nazirliyi sertifikat verir. İnsanlar zəhərlənəndə də Səhiyyə Nazirliyinə müraciət edir. Nə qədər ki, sertifikat verən orqan müstəqil deyil, nə qədər ki, normal istehlakçı hərəkatı yoxdur, nə qədər ki, istehlakçı hüquqlarını qoruyan orqan və sairə İqtisadiyyat Nazirliyinin nəzdindədir, nə qədər ki, məmur bizneslə məşğul olur, nə qədər ki, Azad İstehlakçılar Birliyi pis işləyir, zəhərlənmələr də olacaq, problemlər də. Təəssüflər olsun ki, mövcud qanunvericiliyə görə, Səhiyyə Nazirliyi gedib haradasa təhlükəli mal aşkar eləsə, onu yoxlamaq üçün gərək İqtisadiyyat Nazirliyindən nümayəndə çağırsın. Belə çıxır ki, hökumətin bir qurumu oğrudur, o birini çağırır ki, mənim yanımda dur, mən oğurlamayım. Bu anormal haldır. Dünya ölkələrinin heç birində bu yoxdur. Məsələn, Yeni Zelandiyada istehlakçı hüquqlarını qoruyan təşkilatın icazəsi olmadan bir dənə mal marketə daxil ola bilməz. Ona görə də orada sertifikatlaşdırma işi ictimai təşkilata həvalə olunub və hər şey kütləvi informasiya vasitələri ilə sıx əlaqədə işlənir"./musavat.com/


  Bölmə: Gündəm | Baxış sayı: 166 | Tarix: 04.10.2016, 12:14


Xəbərlər