Rüstəm İbrahimbəyovun səlahiyyətləri təsdiqləndi, Şeyx Əbdül `od püskürdü`
20.08.2019 650 0.0 0

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətlərini təsdiq edib. Bu barədə ittifaqın katibi Əli İsa Cabbarov APA-ya açıqlamasında bildirib. O qeyd edib ki, 1963-cü ildə təsis olunmuş ittifaqın heç vaxt qeydiyyat problemi olmayıb:

“Sadəcə, ittifaqın nizamnaməsini ”Qeyri Hökumət Təşkilatları haqqında" Qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. İyulun 16-da keçirilən konfransda sədr və İdarə Heyəti seçildi".

Katibin sözlərinə görə, Ədliyyə Nazirliyi ittifaqın bütün orqanlarının, o cümlədən sədr Rüstəm İbrahimbəyovun səlahiyyətini təsdiq edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri kinorejissor Rüstəm İbrahimbəyov, üzvləri isə Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinski, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova, Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimlidir.

Məsələ ilə bağlı xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a danışıb:

“Rüstəm İbrahimbəyovun əməli nəticəsində hazırda kino sahəsində qarşıdurma yaranıb. Əvvəla, Rüstəm İbrahimbəyov, bu qurum sənin qurumun deyil, kinematoqrafiyaçılarındır. Bura təşkilatdır və burada sədr qurultayla seçilir. O vaxtı sənə etimad göstərdik, seçdik. Amma sən nə etdin?! Bizim təşkilatımızın siyasətlə məşğul olmağa ixtiyarı yoxdur. Kino işçiləri siyasətə gedə bilməz. Əgər siyasətə qoşulmaq istəyirsənsə, get, kinodan çıx, siyasətə keç. O qədər sənə etimad etsək də, sən min oyundan çıxdın, bizləri saymadın və getdin prezidentliyə namizəd oldun, hansı ki, bununla bağlı sən qurultay çağırmalıydın, bizdən icazə almalıydın.  Sən isə bizi atıb, satıb getdin Milli Şuraya. Oraya sədr getdin, neçə partiya səni dəstəklədi, lakin son məqamda onları da satıb,  çıxıb getdin Moskvaya. Oradan da Mixalkovun böyük kino federasiyasına müavin seçildin, orada da nə oyun çıxartdınsa, oradan da qovalandın. Bu qədər günah azmış kimi, 82 yaşında Gürcüstana gedib, ermənilərlə baş-başa verib çox murdar bir film çəkdin. Bu şeylər  sənə bəs deyil? Yalvardın, Azərbaycan dövləti sənə icazə verdi ki, ölkəyə gələsən.  Bu qədər etimaddan sonra yenə də vəziyyətdən sui-istifadə edib bu sahəni yenidən parçalamaq istəyirsən?!”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar