Rüstəm İbrahimbəyov vəfat edib
11.03.2022 185 0.0 0

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

Qazeta.info xəbər verir ki, bu barədə "Report"a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: "Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq".

Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

"Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək", -ittifaqdan bildirilib. 

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. 

Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar