Rusiyalı politoloq Moskvanın Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsinin əleyhinə olduğunu açıqlayıb
03.09.2015 676 0.0 0

Sergey Markedonov: “Kremldə yaxşı başa düşürlər ki, Dağlıq Qarabağda baş verəcək yeni müharibə regionu və münaqişənin tənzimlənməsini onların nəzarətindən çıxara bilər”

 “Dağlıq Qarabağ münaqişəsi Qafqazda ən təhlükəli münaqişədir. Bölgədə Gürcüstan-Cənubi Osetiya münaqişəsinin də mövcud olmasına baxmayaraq, orada silah səsləri eşidilmir. Qərb Rusiyanı Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaqda ittiham edir və bununla razılaşmaq istəmir. Bütün bunlara baxmayaraq, həmin ərazilərdə sakitlikdir. Qarabağda isə müntəzəm olaraq silah səsləri eşidilir, hər iki tərəf itki verir. Müharibənin hər an başlanması ehtimalı yüksəkdir”.
 
Bu sözləri  açıqlamasında Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.
 
Politoloq bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsinin əleyhinədir: “Kremldə yaxşı başa düşürlər ki, Dağlıq Qarabağda baş verəcək yeni müharibə regionu və münaqişənin tənzimlənməsini onların nəzarətindən çıxara bilər. Mövcud status-kvonun məhz müharibə yolu ilə dəyişdirilməsi bu gün Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də, hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Dağlı Qarabağ münaqişəsinin nizamlanması baxımından olduqca aktualdır. Rusiya tərəfi münaqişənin hərb yolu ilə deyil, məhz siyasi danışıqlar yolu illə həllinə tərəfdardır".
 
S. Markedonovun fikrincə, Moskva üçün vacib olan Dağlıq Qarabağ, Azərbaycan-Ermənistan cəbhəsində silah səslərinin eşidilməməsidir: “Kreml üçün əsas məsələ bu regionda hərbi əməliyyatların aparılmamasıdır. Çünki bu, Rusiya üçün əlavə riskdir. Münaqişə zonası Rusiyanın sərhədlərinə çox yaxındır. Dağlıq Qarabağda yeni müharibənin başlanması kifayət qədər həssas olan Şimali Qafqaz üçün də böyük təhlükədir”. 
 
Ekspert Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması və Sergey Lavrovun Bakıda bu mövzuda danışıqlar aparmasının mümkünlüyünü də şərh edib: “Fikrimcə, Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulmayacaq. Çünki hər şeydən əvvəl bu, rəsmi Bakının özü üçün maraqlı deyil. Bakı üçün maraqlı olan Ermənistan üzərində qələbə qazanaraq - fərqi yoxdur, ya müharibə, ya da sülh yolu ilə - Qarabağı geri qaytarmaqdır. Bu təşkilata qoşulmaq isə Dağlıq Qarabağı Azərbaycana geri qaytarmayacaq. Ona görə də, Azərbaycan üçün bu məsələ maraqlı deyil. Hesab edirəm ki, Rusiya tərəfi də bunu yaxşı başa düşür. İki ölkə arasında aparılan danışıqlarda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi, fikrimcə, müzakirə olunmur. Bu məsələ süni olaraq ortaya atılır. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyədə ikitərəfli əlaqələr mövcuddur. Moskva yaxşı başa düşür ki, bir-biri ilə düşmən olan Azərbaycan və Ermənistanın bu təşkilatda təmsil olunması quruma heç bir fayda verməyəcək, əksinə, onun fəaliyyətini tormozlayacaq. Ona görə də, Moskvaya da bu lazım deyil. Rusiya bundan sonra da Azərbaycanla münasibətləri ikitərəfli əlaqələr formatında davam etdirəcək”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar