Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi davam edir
26.04.2015 860 0.0 0

Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi uğurla davam edir.

Mədəniyyət Nazirliyinin əməkdaşı Qalib Qasımovun bildirdiyinə görə, dünən açılmış “Azərbaycan dünən, bu gün, sabah” adlı foto sərgisi “Cidade das Artes”dəki Qalereyada gün ərzində tamaşaçıların üzünə açıq olmub. Sərgidə Azərbaycanın tarix və mədəniyyətini, memarlıq nümunələrini, müasir inkişafını, turizm potensialını əks etdirən foto şəkillər öz yerini tapıb.

Həmin fotoların müəllifləri F.Xayrulin, L.Axundzadə, T.Məmmədov, E.Xəlilov, R.Umud, S.Aslanova kimi Azərbaycan fotoqrafları ilə yanaşı İ.Haykır (Türkiyə), N.Söylemez (Türkiyə), S.Bordian (Moldova), K.Esen (Qırğızıstan), H.Abo (Özbəkistan) olmaqla türkdilli ölkələrin fotoqraflarıdır.
Gün ərzində Azərbaycan mətbəxinin nümunələri də ictimaiyyətin nümayəndələrinə təqdim edildi.
Azərbaycanın turizm imkanlarını əks etdirən çoxsaylı kataloqlar, broşürlər, disklər, xəritələr paylanıldı. Paylanılan çap məhsulları arasında “Bakı-2015 birinci Avropa Oyunları”na həsr olunmuş buklet və kataloqlar xüsusi diqqət və marağa səbəb oldu.
Günün birinci yarısında Rio de Janeyro Bələdiyyə Teatrında aprel ayının 25-də keçirilməsi planlaşdırılan Braziliya Simfonik Orkestrinin və “Trio Qarabağ” muğam qrupunun konsertinə xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında hazırlıq məşqləri aparıldı.
Aprelin 24-də axşam “Teatro de Camara”da ikinci dəfə muğam musiqisi və milli rəqslərdən ibarət Qala konsert keçirildi.
Əməkdar artistlər Elçin Haşımov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə xalq artisti Mənsum İbrahimov və gənc muğam ifaçısı Arzu Əliyevanın ifasında səsləndirilən təsnif və segahlardan ibarət muğam Rio de Janeyro sakinlərinin böyük marağına səbəb oldu, sürəkli alqışlarla qarşılandı.
Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin ifasında “Cəngi”, “Qarabağ”, “İgidlər”, “Qavalla rəqs” tamaşaçıların alqış sədaları altında böyük coşğu ilə müşayiət olunub.
Sonda musiqiçilərimiz tamaşaçıların ayaqüstə alqışları ilə dəfələrlə səhnəyə qayıtmalı oldular.
Onu da qeyd edim ki, tamaşaçıların xüsusi istəyini və marağını nəzərə alan E.Haşımovla E.Əhmədovun ifasında Dorival Kaimin “Balıqçının mahnısı”ndan qısa bir melodiyanın “Bayatı-Şiraz” ladında xüsusi improvizasiyası insanlarda, sözün əsl mənasında, bayram əhval-ruhiyyəsi yaratdı. Xalq artisti M.İbrahimovla A.Əliyevanın duet şəklində oxuduqları Ş.Axundovanın “Mehriban olaq” mahnısı “Azərbaycan!” sədaları və alqışlarla qarşılandı.

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar