Ərdoğan: `Cəmi 6 ölkə `Gülən məktəbləri`ni bağladı`
09.01.2017 1513 0.0 0

"Daha da pis odur ki, çevrilişə cəhd edənlər, FETÖ üzvləri, əli qanlı qatillər təəssüf ki, bəzi Avropa ölkələrində zərərçəkən kimi qarşılanır".

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri xarici ölkələrin Türkiyədə akkreditə olunmuş səfirləri ilə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Prezident eyni zamanda Avropanı Suriya, Afrika və Əfqanıstandan olan qaçqınları qəbul etmək əvəzinə, terrorçulara sığınacaq verməkdə ittiham edib: "Xilas olmaq və bir qab şorba üçün qapılarına gələnləri qovanlar çevrilişə cəhd edənlərə, azğın terrorçulara sahib çıxırlar. Onlara dost deməyə dilim gəlmir, amma ən azından müttəfiq bildiyimiz ölkələrə yaraşdıra bilmədiyimiz bu tablo qarşısında əlbəttə ki, üzülürük. Baxırıq ki, ölkəmizin qara siyahısında olan bir şəxs Amerikada bir universitetə rektor təyin edilir. Bu necə işdir? Bu necə bir şeydir?"

Ərdoğan dünya ölkələrinin FETÖ tərəfindən Türkiyədə həyata keçirilən çevriliş cəhdinə göz yummasından da gileylənib. O, bilavasitə FETÖ-nün arxasında olduğu çevriliş cəhdindən sonra "Gülən məktəbləri"nin fəaliyyət göstərdiyi 115 ölkədən cəmi altısının onların fəaliyyətini dayandırdığını bildirib: "FETÖ-nün 115 ölkədə təşkilat üçün terrorçu yetişdirilməsi məqsədilə istifadə etdiyi məktəbləri fəaliyyət göstərirdi. Hazırda altı ölkədə bu məktəblər bağlanıb. Onlar Qambiya, Azərbaycan, Liviya, İordaniya, Dominikan Respublikası və Haitidir. İki ölkədə məktəblər dövlətin balansına keçib. Sinsi bir xərçəng hüceyrəsi kimi daxilimizdə böyüyən, son 25 ildir dünyanı osminoq kimi bürüyən bir təşkilatla mübarizə heç də asan deyil. Bu mübarizə uzun zaman və uzunmüddətli fəaliyyət tələb edir. FETÖ hələ də fürsət tapdığı hər ölkədə Türkiyə əleyhinə fəaliyyətini davam etdirir. PKK, ASALA və FETÖ-çülər əl-ələ etiraz aksiyaları keçirirlər. Bu terror yoldaşlığı 15 iyuldan sonra daha da inkişaf edib".

Rəsmi Ankaranın ABŞ-la mövcud əlaqələrindən də danışan R.T.Ərdoğan bu münasibətlərin kifayət qədər həssas nöqtədə olduğuna diqqət çəkib: "ABŞ-la münasibətlərimiz son dərəcə həssas bir dönəmdən keçir. Terrorla mübarizə məsələsində qarşılaşdığımız sıxıntılar Obama hakimiyyətinin son illərdə ortaya qoyduğu bəzi seçimlərlə birləşmiş və həm ictimaiyyət arasında, həm də siyasətdə müzakirə mövzusu halına gəlmişdir. İŞİD, FETÖ və separatçı təşkilatlardan gələn təhdidlərə qarşı ABŞ-ı qərarlı, güclü və tərəddüdsüz bir şəkildə yanımızda görmək istəyirik. Yeni prezident Trampın 20 yanvarda vəzifəsinin icrasına başlaması ilə qarşılıqlı dialoqu sürətləndirəcəyimizə inanıram. Cənab Trampla xüsusilə də regional məsələlərdə ən qısa zamanda anlaşma əldə edəcəyimizə inanıram".

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar