Rasim Əliyevin ölümü ilə bağlı ABŞ-dan bəyanat (FOTO)
12.08.2015 718 0.0 0

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.

Səfirlikdən verilən məlumata görə, ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərini bölüşür.

Bəyanatda deyilir: “Biz Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq.”

 


Rasim Əliyev - jurnalist (solda), Cavid Hüseynov - futbolçu (sağda)

Bundan əvvəl, Avropa Şurasının baş katibi Torbyorn Yaqland avqustun 10-da Bakıda jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat verib: "Bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir. Bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalıdır."

 


Torbyorn Yaqland - Avropa Şurasının baş katibi 


Lakin bun rəsmi Bakıdan cavab gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir. Mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib: "Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb. Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar."/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar