Ramazanda sağlam və düzgün qidalanaq
06.04.2022 326 0.0 0

Ramazan ayı öz gəlişi ilə sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması və təşviqini gündəmə gətirməklə bu sahəyə diqqəti bir daha artırır. Bu baxımdan, nəzərə alınmalı başlıca məqam oqranizmin maye tələbatı çərçivəsində su balansının tənzimlənməsidir. Oruc tutarkən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orucu ilıq su ilə açılmalı, 1-2 stəkan su içildikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yeyilə bilər. 15-20 dəqiqə  fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Birbaşa quru qidanın qəbulu həzm problemləri riski yaratdığından yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Nəinki ramazan ayında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. İmsakda düzgün qidalanmaq gün ərzində su və enerji balansının qorunmasına kömək edir. Fasilələrlə qidalanma orqanizmin vitamin və minerallara olan ehtiyacının ödənməsi üçün vacibdir. Əks halda, belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir, insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Həmçinin imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük vermək tövsiyə olunur.  Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər.

Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qarında qaz problemləri müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı, meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

Həzm probleminin qarşısını almaq üçün qəbul olunan qidaların yaxşı çeynənməsi də önəmlidir. Normadan artıq və fasiləsiz qida qəbulu ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməli, mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəkləri, qızartma, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidalar, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil, yemək zamanı ancaq 1-2 dilim çörəklə kifayətlənmək məsləhətdir. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsak arası bol miqdarda su qəbulu tövsiyə edilir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Oruc tutanlar yuxu rejiminə də xüsusi diqqət etməlidirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar