QDİƏT-in İstanbul sammitinin yekun bəyannaməsi qəbul edilib
22.05.2017 607 0.0 0

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT)

dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısı başa çatıb.

 

Məlumata görə, toplantının sonunda iştirakçılar tərəfindən yekun bəyannamə qəbul edilib.

 

Bəyannamədə təşkilata üzv dövlətlərin rəhbərliyi terrorizmlə mübarizəyə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfələrini verəcəklərini vurğulayıblar.

 

Sənəddə QDİƏT-ə üzv olan dövlətlər bütün mənbələrinə, motiv və məqsədlərinə baxmayaraq terrorçuluğun bütün forma və təzahürlərinin əleyhinə olduqlarını bəyan ediblər: “Biz terrorçuluğa qarşı mübarizədə ümumi beynəlxalq həmrəyliyə dəstək olacaq və bu mübarizəyə öz töhfəmizi verməkdə davam edəcəyik”.  

 

Bəyannamədə dövlət və hökumət başçılarının əsas məqsədlər naminə əməkdaşlığın inkişaf etdirilməsi, kənd təsərrüfatı və aqrar-sənaye, bank və maliyyə, gömrük, təhsil, enerji, ətraf mühitin mühafizəsi, səhiyyə və əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, institusional bərpa və yaxşı idarəetmə, elm və texnologiya, turizm, mədəniyyət, ticarət və iqtisadi inkişaf, nəqliyyat sahələrində nəticə əldə etmək üçün daha çox layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirəcəkləri öz əksini tapıb.

 

Sənəddə da bildirilib ki, üzv dövlətlərin iqtisadiyyatlarının qlobal iqtisadiyyatda iştirakının asanlaşdırılması məqsədilə təşkilatın əhatə etdiyi dövlətlər, eləcə də Avropa və Asiya ölkələri arasında dəniz nəqliyyatı sahəsində mövcud və gələcəkdə qurulacaq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin tam  təmin olunması və etibarlı həll yollarının təmin edilməsi cəhdlərini dəstəkləyir.

 

Sammit iştirakçıları hesab edir ki, Qara dəniz ətrafında dairəvi avtomobil yolu və dəniz nəqliyyatı kimi digər nəqliyyat infrastrukturunun qurulmasında birgə layihələrin səmərəli reallaşdırılması regiondaxili ticarət, turizm, nəqliyyat sahələrində investisiya qoyuluşunu artıracaq və QDİƏT-in fəaliyyətinin uğuruna səbəb olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar