Tarix: 09.12.2016,   Saat: 03:58, Cümə.          

Qarabağ üçün yeni ŞANS - İlham Əliyev atəşkəsin imzalandığı şəhərə gedir

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkekdə görüşə bilər. 



Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Lragir” saytı yazıb.
 

Sayt yazır ki, Ermənistan Xarici İşlər Nazirliyi Eduard Nalbanydanın MDB ölkələrinin xarici işlər nazirlərinin Bişkekdə keçiləcək şura iclasında iştirak edəcəyini açıqlayıb.
 

“Şura iclası MDB ölkələrinin prezidentlərinin iştirakı ilə olacaq. İclasa Azərbaycan Prezidenti İlham Əliyev də dəvətlidir. Həmçinin, Rusiya prezidenti Vladimir Putin də Bişkekə səfər edəcək. Serj Sarkisyan də dəvəti qəbul edib, lakin onun gedib-getməyəcəyi hələ dəqiq deyil. Əgər gedərsə, Bişkekdə Əliyev-Sarkisyan görüşünün ola biləcəyi ehtimalları da var”, - deyə sayt yazıb.
 

Qeyd edək ki, Prezident İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının sentyabrın 16-da Bişkekdə keçiriləcək iclasına dəvəti qəbul edib.  Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev bildirib ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən görüşdə iştirakla bağlı rəsmi təsdiq alıblar.

 

“Hazırda Özbəkistandan təsdiq gözləyirik. Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir”, - deyə o bildirib.

 

Prezidentlərin Bişkekdə görüşəcəyi ehtimalı Qarabağla bağlı danışıqlar prosesinə də müəyyən fikirləri ortaya çıxarır. Xüsusilə Vladimir Putinin də Bişkekdə olacağı danışıqlar prosesi fonunda diqqət çəkir. Atəşkəs sazişi 1994-cü ildə məhz Bişkekdə imzalanıb. Artıq həmin tarixdən 22 il keçib və bu ilin aprelində baş verən hərbi toqquşmadan sonra münaqişənin həll edilməsinin aktuallığı yaranıb. Rusiyanın təşəbbüsü ilə prosesin sürətləndirilməsi işi aparılır və nəticə olaraq, ilkin mərhələdə Azərbaycan ərazilərinin müəyyən qisminin qaytarılması gündəmdədir.


Erməni politoloq Ara Papyan da bu gün öz ölkəsinin mediasına açıqlamasında Sarkisyanın əraziləri qaytarmağa məcbur edildiyini dilə gətirib.

“Əvvəlcə ərazilərin qaytarılması əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son qoyulur.
 Son danışıqlarda ərazilərin qaytarılması əvəzinə aralıq statusun verilməsi gündəmə gəlib. Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz buna razı olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də əkdiyimizi biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib çıxaracağı çətin görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçimimiz pis və çox pisin arasındadır. Pis seçim indiki vəziyyətdir. Ərazilərin qaytarılması bizim vəziyyətimizi pisləşdirəcək. Hazırda danışıqlar prosesi davam edir və bizim alternativlərimiz yoxdur. Serj Sarkisyanı əraziləri qaytarmağa məcbur edirlər”, - deyə o bildirib.

Hesab etmək olar ki, prezidentlər Qırğızıstanın paytaxtında Vladimir Putinin iştirakı ilə görüşə və 22 il öncə Bişkekdə dondurulan münaqişənin həlli üçün elə Bişkekdə də ciddi irəliləyişlər əldə oluna bilər.

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin prezidentlərin Nyu-Yorkda görüşə biləcəyini açıqlamasından sonra Rusiyanın Bişkekdə prezidentlərin görüşünü təşkil etməsi ehtimalı daha da güclənir. Hər-halda Moskva təşəbbüsü heç kimə vermək niyyətində deyil.



  Bölmə: Manşet | Baxış sayı: 1629 | Tarix: 14.09.2016, 17:42


Xəbərlər