Qara Qarayevin xatirəsi anılıb
05.02.2018 513 0.0 0

Bu gün Azərbaycanın dahi bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin doğum günüdür, onun anadan olmasından 100 il ötür.

 

Məlumata görə, görkəmli bəstəkarın xatirəsini yad etmək məqsədi ilə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri bu gün Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə güllər qoyublar.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Q.Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan natiq dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb.

Tədbirdə dahi bəstəkarın keçdiyi dərslərin yüksək peşəkarlığından söhbət açılıb və qeyd edilib ki, görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Q.Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il oktyabrın 17-də Qara Qarayevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Xatırladaq ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olub. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub.

Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Q.Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.

Q.Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.

Q.Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar