Qadın güləşçilərimiz Avropa çempionatında 2 medal qazanıblar
11.03.2022 316 0.0 0


Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Qazeta.info Gənclər və İdman Nazirliyinin məlumatına istinadla bildirir ki, qadın güləşçilərimiz qitə birinciliyində 2 medal qazanıblar.

Şəhanə Nəzərova (50 kq) dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2. Həmyerlimiz yarımfinalda macarıstanlı Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib - 0:8. Ş.Nəzərova bürünc medal uğrunda almaniyalı Liza Ersellə güləşib. Görüş dramatik alınıb. Xala-xal prinsipi ilə keçən qarşılaşmanın sonlarında təşəbbüsü əldən verən güləşçimiz rəqibinə 8:9 hesabı ilə məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Elnurə Məmmədova (55 kq) dörddəbir finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib - 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb - 11:4. Beləliklə, finala yüksələn E.Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxıb. Bu görüşdə güclü rəqibi ilə bacarmayan E.Məmmədova gümüş medalı boynundan asıb.

Nigar Mirzəzadə (68 kq) dörddəbir finalda slovakiyalı Olqa Maslovskanı üstələyib - 4:1. Millimizin üzvü yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb - 6:0. N.Mirzəzadə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Marta Navarroyla güləşib və rəqibini 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar