Qabil Hüseynli: `Dağlıq Qarabağda referendum keçirilməsi danışıqlar prosesinə ağır zərbədir`
15.02.2017 737 0.0 0

“Dağlıq Qarabağda referendum keçirilməsi böyük təxribatdır. Bu, danışıqlar prosesinə, Minsk prosesinə ağır zərbədir”.
 
Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
 
Q. Hüseynli bildirib ki, bu təxribatla bağlı məsuliyyət Ermənistanın üzərinə düşür: “Amma bu təxribatın arxasında duran qüvvələr qismində ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ən azı ikisinin adını çəkmək mümkündür. Söhbət Fransa və Rusiyadan gedir. Fransa prezidenti Fransua Olland fevralın 8-də Parisdə erməni lobbisi ilə görüşdə “Artsax Respublikasının öz müqəddəratını təyin etməsi” hüququndan dəm vurub. Bir müddət əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov “Dağlıq Qarabağın Azərbaycanın daxili işi olmadığını” söyləmişdi. Hesab edirəm ki, bu təxribatlar cücərməyə başlayır və Ermənistan da bundan cəsarətlənərək Dağlıq Qarabağda belə bir təxribata əl atır”. 
 
Politoloq Cənubi Osetiyada, Abxaziyada, Dnestryanı bölgədə baş verən analoji təxribatlar zamanı beynəlxalq təşkilatların operativ reaksiya verdiklərini, bu təxribatları pisləyən bəyanatlarla çıxış etdiklərini də xatırladıb: “Həmin bölgələrdə təxribatlar dərhal səs-küyə səbəb olur. Aprelin 9-da Cənubi Osetiyanın adının dəyişdirilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan referenduma da beynəlxalq təşkilatlar dərhal reaksiya verərək pisləyiblər. O cümlədən, ABŞ-ın Gürcüstandakı səfirliyi bununla bağlı bəyanat yayaraq, referendumu legitim saymadığını bildirib. Ancaq Dağlıq Qarabağda bunlar min oyundan çıxırlar, BMT, ATƏT səviyyəsində buna hər hansı reaksiya verilmir. Halbuki 4 ay əvvəl Varşavada keçirilən NATO sammitində vurğulandı ki, postsovet məkanındakı bütün münaqişələrin həllində yalnız ərazi bütövlüyü prinsipindən çıxış etmək lazımdır. Qeyd edildi ki, ərazi bütövlüyü prinsipi bu münaqişələrin daha sürətlə və daha bəlasız həlli üçün açar rolunu oynaya bilər. Öz müqəddəratını təyinetmə prinsipindən imtina edilməsi fikri də vurğulandı. Öz müqəddəratını təyinetmə Helsinki Aktında ən sonda yer alan maddələrdən biridir. Bu da beynəlxalq hüquqda köhnəlmiş və özünü doğrultmayan müddəa kimi qəbul edilir. Ona görə də Dağlıq Qarabağda baş verənlər bir avantüradır. Bu avantüra bölgədə irimiqyaslı müharibəni yenidən alovlandıra bilər. Heç şübhəsiz ki, Azərbaycan istər Ermənistan, istərsə də onun qəyyumları tərəfindən körüklənən bu avantüranın qarşısını almaq üçün addımlar atacaq. Bu addımlar hərbi addımlara qədər gedib çıxa bilər”. 
 
Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda  fevralın 20-də referendum keçiriləcək. Bu barədə qondarma rejimin lideri Bako Saakyan sərəncam imzalayıb. Referendum “prezident səlahiyyətləri”nin artırılmasını nəzərdə tutur.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar