Tarix: 05.12.2016,   Saat: 20:35, Bazar ertəsi.          

Qərbdən idarə olunan 11 sentyabr mitinqinin FETÖ və radikal islamçı rəngi - TƏHLİL

Suriya və Türkiyədə məğlubiyyətlə üzləşən Qərb revanşa hazırlaşır. Revanş üçün seçilən bölgələr fərqli olsa da, taktika eynidir - stabilliyi pozmaq, davamlı gərginlik ocaqları yaratmaq. ABŞ bu taktikanı ilk olaraq tam müstəqil siyasət yürütmək niyyəti ortaya qoyan, ənənəvi müttəfiqlərindən daxil olan zərərli təşəbbüsləri qulaq ardına vuran, daxilində formalaşmış terrorçu şəbəkənin təsirindən qurtulmaq istəyən  Türkiyədə sınamaq istədi. Lakin uğursuzluqla nəticələnən 15 iyul həmləsi nəinki gözlənilən effekti vermədi, əksinə, ölkənin əksəriyyət təşkil edən sağlam qüvvələrinin legitim hakimiyyət ətrafında daha da birləşməsinə, Türkiyənin xarici siyasət oriyentirlərini yenidən qiymətləndirməsinə səbəb oldu. Artıq əminliklə demək olar ki, çevriliş ssenarilərinin reallaşdırılmasına cəhd göstərilən, təcavüzə məruz qalan ölkələr üçün ortaq maraq formalaşdırıb - Qərbin qeyri-stabillik ixracına müqavimət marağı.
 
Müstəqil siyasət yürüdən və ya sifarişlərə boyun əyməyən ölkələrdə sabitliyin pozulması Qərbə hansı dividentlər qazandırır? Birincisi, bu ölkələrə əlavə təzyiq imkanları əldə edilir, onların asılılığı artır. İkincisi, bu durum Qərbin ən çox sevdiyi diktə siyasətinin kəsərini artırmış olur. Üçüncüsü, hansısa ölkədə stabilliyin pozulması bu prosesi asanlıqla, domino prinsipi ilə digər ölkələrə ötürməyə imkan verir. Bu isə Qərbin sevdiyi durumun - xaosun yaranması deməkdir. Təcrübədə Qərb xaosa nail olmaq üçün iqtisadi təzyiq vasitələrindən (Rusiya), hərbi çevriliş cəhdindən (Türkiyə), silahlı münaqişələrdən (Suriya), təcrid siyasətindən (İran) istifadə edir. Məqsədə nail olmaq, yəni xaos vəziyyəti yaratmaq üçün ilk növbədə hədəf seçilən ölkədə müxtəlif fondlar vasitəsilə formalaşdırılan, dəstək verilən təzyiq institutlarından istifadə olunur. Saat mexanizmi dayandırılmış bu təzyiq institutları siyasi partiyalar, dini cərəyanlar, hərbi xunta, maliyyə qurumları, media orqanları və s. ola bilər.
 
Azərbaycan sabitliyi pozmaq üçün zaman-zaman müxtəlif uğursuz cəhdlər edilib. Bu cəhdlərin iştirakçıları bir qayda olaraq eyni qruplar və simalardır. “Milli şura”nın 11 sentyabr mitinqinə müşahidəçi baxışı göstərir ki, bu aksiya sərbəst toplaşmaq hüququnu reallaşdırmaqdan daha çox xaos yaratmaq cəhdidir. Cəmiyyətə qorxu aşılamaq istəyən sifarişçilər üçün mitinq və onun iştirakçıları yalnız vasitədirlər. Mitinqə qatılan insanların fərqli siyasi təmayülləri göstərir ki, ölkədə xaosun yaranmasında bir deyil, bir neçə xarici qüvvə maraqlıdır. Burada Qərb əsas sifarişçi görünür, islamçı qüvvələrin mitinqdə aktiv rol alması o deməkdir ki, Qərbin Azərbaycanla bağlı planlarından öz maraqları üçün yararlanmaq istəyən qonşu dövlətlər də yox deyil.
 
11 sentyabr mitinqinin hansı məqsədə xidmət etdiyini anlamaq üçün aksiyaya hazırlıq dönəmində təşkilatçıların xarici səfirliklərə çağırılması, diplomatik korpusla müzakirələr aparılmasını, yalnız bundan sonra mitinq barədə qərar qəbul edildiyini xatırlatmaq kifayətdir. Aksiya ərəfəsində ABŞ səfirliyinin siyasi partiyalar və bəzi QHT-lərlə intensiv əlaqə saxlaması, onlardan mitinq dəstək verilməsinin xahiş olunması barədə mediada gedən məlumatları da gözardı etmək olmaz.
 
Daha bir maraqlı məqam 11 sentyabr mitinqində dini-siyasi çalarların qabarıq nəzərə çarpmasıdır. AXCP-nin din altında pərdələnən Fəthullahçı Terror Təşkilatı ilə əlaqələrinə dair iddialar və faktlar var, partiya sədrinin köməkçisi və bir sıra AXCP üzvləri FETÖ ilə əlaqələrə görə həbs olunublar. Digər tərəfdən, mitinqdə “İslam Hərəkatı Birliyi”nin sədri Taleh Bağırzadənin və İslam partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarları aktiv iştirak ediblər. Həm FETÖ, həm “İslam Hərəkatı Birliyi” dövlət çevrilişinə cəhddə ittiham olunan qüvvələrdir, eyni zamanda, FETÖ-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb. Bu aksiya həmin planın bir hissəsi ola bilərmi? Əksini iddia etmək üçün əsas tapmaq çətindir. Çünki ortada açıq suallar var - bu cür qeyri-sağlam qüvvələrin bir araya gəlib aksiya keçirməsində hansı sağlam məqsəd ola bilər, onlar Azərbaycanın dövlət maraqlarına xeyir gətirə biləcək hansı çağırışlar edə bilərlər və ümumiyyətlə bu çağırışların səmimiliyinə kim inanar? Aksiyada çox az sayda insanın iştirak etməsi də göstərir ki, mitinq təşkilatçılarının səmimiliyinə inananlar azdır.
 
Ən nəhayət. İstər FETÖ şəbəkəsinin ifşa olunan əməlləri, istər radikal islamçı qüvvələrin ötən il ölkədə stabilliyi pozmaq cəhdləri göstərdi ki, bu qrupların əsas funksiyası xarici qüvvələrin sifarişlərini icra etməkdən başqa bir şey deyil. Onların fəaliyyətinin müəyyən xarici dairələr tərəfindən dəstəklənməsi də bu missiyanın daşıyıcısı olmaları ilə bağlıdır. Fəthullahçı Terror Təşkilatına bağlı şəxslərin təmsilçisi olduğu partiyanın, ölkənin dünyəvi dövlət quruluşunu dəyişməyi hədəf seçən dini qruplaşmanın üzvləri ilə bir araya gəlib mitinq keçirməsi Qərbin və bəzi region ölkələrinin Azərbaycanda xaos yaratmaq planına xidmət etmirmi? ABŞ – Gülən camaatı – xaricdən idarə olunan radikal islamçılar arasında bağlılıq aydın görünmürmü?
 
Bizcə, sual kimi, cavab da aydındır.
 
APA Analitik Mərkəzi



  Bölmə: Siyasi | Baxış sayı: 485 | Tarix: 15.09.2016, 13:09


Xəbərlər