Qədim dünyanın sirləri — Pasxa adasının əlifbası, yoxsa heroqliflər? -FOTO
14.02.2017 1536 0.0 0

Dünyada sirli və müəmmalı ərazilər çoxdur.

Onlar arasında ən sirli və müəmmalı torpaq parçası Sakit okeanda 27 dərəcəli cənub dairəsində yerləşən Pasxa adasıdır.

Bu gün bu adanın sakinləri və onların qəribə yazı üslubu barədə məlumat verilcək.

1722-ci ilin 7 aprel tarixində Hollandiya gəmisi sahilə yan aldı. Gəmi admiral Yakob Roqqevenin idi.

Qəribə rəsmlər

“Adelaar” flaqman gəmisinin göyərtəsinə qalxan ilk ada sakini əli ilə adaya tərəf işarə edərək “Te-Pito-o-te-Xenua”, yəni dünyanın göbəyi sözlərini tələffüz edib. Əslində yerli sakinlər adanı Rapa-Nui adlandırırlar. Amma müqəddəs bayram günü adaya ayaq basdıqları üçün ərazini Pasxa adası adlandırdılar. Hollandları şoka salan faktlardan da biri o idi ki, gəmiyə ayaq basan ada sakinlərindən biri tamamilə ağdərili idi.

Adada qarşılaşılan ikinci qəribəlik yerli sakinlərin bədənlərinə quş və heyvan rəsmləri çəkməkləri idi. Məsələ burasındadır ki, rəsmlərin heç biri bir-birinə bənzəmirdi. Maraqlıdır ki, adada heç bir quş və heyvan yox idi.

Ən qəribə fakt o idi ki, dünyanın bir ucunda, hündür qayalı sahildə nəhəng daş heykəllər ucalırdı. Bu heykəllər adanın mühafizəçiləri idi.

Hollandlar adada cəmi bir gün qaldılar. Bu səbəbdən sirrlərlə maraqlanmaq ağıllarına da gəlmədi.

Demək olar ki, 50 il adaya heç bir avropalı ayaq basmadı. 1770-ci ildə “San Lorenso” və “Santa Rozaliya” adlı iki ispan gəmisi sahilə yanaşdı. Don Felipe Qonsales de Xaedo Perudan adaya sirləri anlamaq üçün yox, ərazini İspaniya hakimiyyətinin tərkibinə keçirmək üçün üzüb gəlmişdi.

Kapitan Felipe Qonsales raportunda yazırdı ki, gəmiyə ilk qədəm basan yerli də daxil olmaqla, bir çox ada sakini qətlə yetirildi.

İspanlar adada altı gün qaldılar və öz mülkiyyətləri saydıqları adanı diqqətlə incələdilər. Onları təkcə dahi rəssamların ustalığı yox, həm də rəsmlərin mənası heyrətə salmışdı.

İspanlara hətta Rapanu dilindən kiçik lüğət də tərtib etdilər. Üstündən uzun illər keçdikdən sonra bu lüğət alimlərin əlinə keçdi və maraqlıdır ki, ispanlar tərəfindən yazılan sözlərin böyük əksəriyyəti Polineziya dialektində mövcud deyil. Deməli, qədim, xüsusi Rapanuy dili olub və Pasxa adasının sakinləri bu dildə danışıblar.

Gəmilər adanı tərk etməyə hazırlaşırlar. İspanlar adanın İspaniyaya birləşdirilməsi barədə akt tərtib edirlər. Xəritədə Pasxa adası San-Karlos kimi göstərilir. Tayfa başçıları mətnin altında qəribə işarələr çəkdilər. Bu işarələr bədənə döyülən tatuya və qayalara çəkilmiş rəsmlərə bənzəyirdi. Bu, adada yazı üslubu mövcud olduğu mənasına gəlmirmi?

Qaranlıq ada

İspanlardan dörd il sonra Ceyms Kuk Rapa-Nui adasına yan aldı. Plantasiyalar tərk edilmiş, komalar yandırılmış, daş heykəllər yerə yıxılmışdı. Adada cəmi 600 sakin var idi. Ceyms Kuk bu mənzərəni görüb dedi: “Ancaq və ancaq ifrat ehtiyac adaya yan almağa məcbur edə bilər”.

Nə vaxtsa çiçəklənən adaya nə olmuşdu?

Deyilənlərə görə, Pasxa adasında müqəddəs Xuri-moai müharibələri başlayır. Bu isə komaların boşalmasına səbəb olur.

Kukun ekspedisiyasında iştirak edən təbiətşünas Forster yazırdı: “Ehtiyac ada sakinlərini gizli anbarlardan müqəddəs əşyaları çıxarmağa məcbur etdi. Əvvəllər bu əşyaları gəlmələrə göstərmirdilər. Xüsusən də toromiro ağacından yonulmuş moai kavakava fiqurları yüksək qiymətləndirilirdi. Bu fiqurlar insan fiqurları idi. Biz bu fiqurların təyinatını öyrənə bilmədik”.

İngilislər ada sakinlərinin daş heykəllər arasındakı yeraltı yollardan istifadə edərək yoxa çıxdıqlarını gördülər. Amma pasxalılar onları bu yeraltı yollara buraxmaq niyyətində deyildilər.

Adada başqa hansı sirlər var idi?

Qul tacirləri

Ceyms Kukun ekspedisiyasından sonra gəmilər sirli adaya müntəzəm olaraq yan almağa başladılar. 1786-cı ildə Laperuz komandanlığı altında iki fransız freqatı adanın sahilinə yanaşdı. Lapperuz yazırdı: “Nəhəng heykəllərin bir çoxu yerə yıxılmışdı”.

1804-cü ildə Yuriy Lisyanskinin rəhbərliyi altında “Neva” rus gəmisi adaya yaxınlaşdı. Ruslar Pasxa adasında bir çox fiqur topladılar və Peterburqa göndərdilər.

1862-ci il ada üçün faciəyə çevrildi. Perulu qul tacirlərinin gəmiləri adaya hücum etdilər. Yüzlərlə ada sakini əsir götürülərək Cənubi Amerika plantasiyalarına göndərildi. Əsirlər arasında adanın sonuncu kralı və bütün alimləri var idi. Yeni hücumlardan qorxan ada sakinləri torpağın altında gizləndilər. Burada da bəla onları izlədi...

Gizlədilmiş sərvət

“İsanın Müqəddəs Ürək Qardaşları” təşkilatının nümayəndəsi Mariya Ejen Eyro adaya gəlir. O, bədbəxtlərin ruhunu Müqəddəs İsa inancının işığı ilə xilas etmək istəyirdi. O, adada bir il qalan ilk avropalı oldu. Ejen Eyro həm də adada koxau ronqoronqo işarələrini də kəşf edən ilk avropalı idi.

Hər bir evdə üzərində müxtəlif tip heroqlif işarələri olan taxta parçaları var idi. Bu işarələr adaya məlum olmayan heyvan işarələri idi. Yerlilər iti daş vasitəsilə taxta parçalarının üzərinə bu işarələri cızırdılar. Ejen Eyro bu barədə qardaşlığın ali generalına yazdığı məktubda məlumat verirdi.

Ejen Eyro üzərində qəribə işarələr olan tünd toromiro ağacından hazırlanmış taxta parçalarının böyük dəyərə sahib olduğunu, Pasxa adasının qədim yazı abidələri olduğunu anladı.

Amma təəssüf ki, tezliklə Eyro vərəm xəstəliyindən dünyasını dəyişdi. Onun həyatının işi ölümünə səbəb oldu. Qəribədir ki, Eyronun sözlərinə görə, yazılı taxta parçalarını hər evdə tapmaq mümkün idi. Amma bir neçə il sonra bu taxta parçaları tamamilə yoxa çıxdı.
Yerli yepiskoy Tepano Jossan bu taxta parçalarının böyük anlamını dərk edərək, adada olan bütün parçaları tapmağı və qorumağı tapşırdı. Amma Ejen Ejronun izi ilə gələn missionerlər cəmi 5 taxta parçası tapa bildilər.

Eyro qardaşın gördüyü çoxsaylı taxta parçaları harada idi? Çox güman ki, sakinlər bu parçaları yeraltı anbarlarda gizlətmişdilər.

Qəribə oxşarlıq

Bu taxtaların üzərində nə təsvir edilmişdi? İnsanabənzər qanadlı quşlar, ikiayaqlı heyvanlar, spirallar, qarmaqlar, həşəratlar, qurbağalar, tısbağalar, balıqlar, dəniz ilbizləri. İşarələri taxta lövhəyə iti köpək balığı dişi ilə və ya obsidan parçası ilə cızmışdılar. Mətn taxta lövhənin aşağı sol küncündən başlayırdı və işarələr soldan sağa düzülmüşdü. Taxta parçasının sonuna çatdıqdan sonra onu baş-ayaq çevirərək sağdan sola işarələr düzülmüşdü. Beləcə, yer çatana qədər sətirbə sətir işarələr düzülmüşdü. Qədim yazı sistemi ilə tanış olan alimlər bu mətn yazılışı sisteminə bələddirlər. Bu sistem tərsinə çevrilmiş bustrofedon adlanır.

Koxay ronqoronqo tədqiqatçıları, missionerlər o dəqiqə Pasxa adasının yazı sistemi ilə Misir heroqliflərinin oxşar olduğunu anladılar. Amma hələ də adada sağ qala bilən pasxalılar bu işarələrin mənasını izah edə bilmirdilər.

Bağlayıcı tel

Görəsən okean səhrasında itirilmiş adanın yazı sisteminə avropalılarda qəfil maraq niyə baş qaldırdı? Yepiskop Jossan bildirirdi ki, bu, Okeaniya adalarında rast gəlinən ilk yazı sistemidir. Bundan başqa koxau ronqoronqo işarələri Misir heroqliflərinə bənzəyirdi. Eyni zamanda qeyd etmək lazımdır ki, işarələrin cızıldığı taxta parçaları isə materialına görə Kiçik Asiya sakinləri xetlərin istifadə etdiyi material ilə çox oxşar idi. Yazı sisteminin özü, yəni tərsinə çevrilmiş bustrofedon sistemi isə, Cənubi Amerikanın And dağları rayonunda yaranmış yazı sistemi ilə eyni idi.

Heyrətamiz oxşarlıq

XX əsrin əvvəllərində arxeologiya elmində sensasiya baş verdi. Cənubi Hindistanda, Xarappa şəhəri yaxınlığında böyük təpədə qazıntılar aparıldı və qədim yaşayış məskəninin qalıntıları tapıldı. 25 illik arxeoloji qazıntılar Hindistan tarixinə iki min il əlavə dəyər qatdı. Qazıntılar zamanı heyvan işarəli möhürlər və qəribə, müəmmalı işarəli naməlum məktublar tapıldı.

Macar linqvit fon Heveşi Cənubi Hindistandakı və Pasxa adasındakı yazılar üzərində ciddi təhlil apararaq Fransa Akademiyasında bütün alimlər qarşısında möhtəşəm hesabat verib. Koxau ronqoronqo və Hindistan heroqliflərinin 175-i tamamilə eynidir. Pasxa adasında XIX əsrdə hələ mövcud olan yazı ilə eramızdan əvvəl 2500-cü ildə çiçəklənən Hind vadisində olan yazı eynidir. Arada 4500 il fərq var. Amma görünür oxşarlıq təsadüfi deyil.

Nəzərə almaq lazımdır ki, bu qədim dilin sirri bu günə qədər də çözülməyib. Görünür, hələ uzun müddət alimlər bu yazılar üzərində baş sındırmalı olacaqlar. Çünki bu barədə məlumat həddən artıq azdır.../Olke.az/

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar