Tarix: 10.12.2016,   Saat: 14:49, Şənbə.          

Prezident: Hazırda biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının formatı üzərində işləyirik

“İlin əvvəlində Londonda Suriya ilə bağlı keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional, təhlükəsizlik məsələlərini, əməkdaşlıq, ticarətlə bağlı məsələlərlə əlaqədar geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur”.
 
Məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə keçirilən geniş tərkibli görüşdən sonra mətbuat üçün bəyanatında deyib. O bildirib ki, əməkdaşlıq üçün möhkəm hüquqi baza var: “Üç il əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə imzaladıq. Bu, əsas sənəddir, sənədin adı onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaşlar və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir ki, əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var və sizin bugünkü səfəriniz bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir”.
 
Prezident İlham Əliyev Xorvatiya prezidenti ilə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdiklərini söyləyib: “Mən Avropa İttifaqı və Azərbaycan arasında yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Azərbaycan və Avropa İttifaqının əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu potensial Avropa İttifaqı - Azərbaycan razılaşması üçün yaxşı əsasdır”./apa/



  Bölmə: Manşet | Baxış sayı: 372 | Tarix: 24.10.2016, 18:04


Xəbərlər