Prezident: Azərbaycan artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır
23.06.2017 556 0.0 0

“Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur”

“Bu gözəl bayram ərəfəsində biz Şirvan şəhərində müdafiə sənayesinin yeni zavodlarının açılışına toplaşmışıq. Bu, əlamətdar hadisədir. Müdafiə Sənayesi Nazirliyi mənim sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılıb və bu illər ərzində böyük, uğurlu yol keçib”.

 

Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində bildirib:

"O vaxt nazirliyin yaradılması imkan verdi ki, biz özümüzü hərbi texnika ilə, silah-sursatlarla böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik. Ona görə, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik. Onu da qeyd etməliyəm ki, o vaxt bizim böyük vəsaitimiz də yox idi. Azərbaycan büdcəsinə əsas gəlirlərin əldə olunması 2006-cı ildən sonra başlayıb, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. 2005-ci ildə isə bizim maliyyə vəziyyətimiz bir qədər məhdud idi. Buna baxmayaraq bu məqsədlər, o cümlədən bu nazirliyin formalaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılıb və bu gün nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilib”.

 

Prezident İlham Əliyev bildirib ki, hər bir ölkədə hərbi sənaye kompleksini yaratmaq üçün bir neçə vacib amil lazımdır: “İlk növbədə vəsait, ondan sonra yeni texnologiyalar lazımdır. Yeni texnologiyaları əldə etmək üçün beynəlxalq əməkdaşlıq da mütləq yüksək səviyyədə olmalıdır. Kadr hazırlığı xüsusi yer tutur. Son illər ərzində bu istiqamətlər üzrə ardıcıl fəaliyyət aparılıb və bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Bunu, eyni zamanda, təsdiqləyən ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq hərbi sərgilərdir. Azərbaycan da, həmçinin bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük həcmdə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranıb. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır. İş yerləri açılır, idxaldan asılılıq azalır, yeni texnologiyalar gətirilir, sənaye potensialı güclənir və Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin olunur. Şirvan şəhəri Bakıdan sonra Cənubi Qafqaz regionunda hərbi sənaye kompleksi baxımından ikinci yerdədir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar