
Aprel ayının əvvəlində Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən sonra iki ölkənin prezidentlərinin görüşünə böyük ümidlə diqqət yönəldi. Ermənistan tərəfinin əvvəlcədən də etdiyi açiqlamaya görə, onların görüşdən gözləntisi əsasən 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi idi.
Mövcud vəziyyətin davam etməsi üçün şərait... Onların havadarlari da var. Bizim isə əlbəttə gözləntimiz daha çoxdur. Ədalətin bərqərar olaraq torpaqlarımızın qaytarılmasını gözləyirik. Hələlik görüşdə əldə olunan razılaşmalar hansı mərhələdədir?
“Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik”. Bunu ANS TV-yə eksklüziv açıqlamasında PA rəhbərinin müavini Novruz Məmmədov dedi.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri söylədi ki, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq. PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə oldu: “Anjey Kasperşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik”.
Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov dedi ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir.
Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq. Vyana görüşündən sonra Rusiya XİN gələn ay münaqişənin yekun həlli ilə bağlı danışıqlar başlaycağından, bir daha güzəştdən danışıb.”
“Güman etməyə əsas var ki, Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib, nizamlanma üzrə vasitəçilər buna kömək edəcəklər. Güzəşt hər zaman mümkündür. Hər halda, əgər belə bir imkan olmasaydı, o zaman Rusiya, Birləşmiş Ştatlar və Fransa bununla məşğul olmazdı. Hədəfimiz münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləmək üçün işi sona çatdırmaqdır. Yəqin ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım gələcək və nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var”, - Sergey Lavrov deyib.
XİN rəhbəri Elmar Məmmədyarov xarici KİV-lərə müsahibəsində deyib ki, Lavrovun qiymətləndirməsi ilə razıdır ki, keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır: “Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”.
ABŞ-ın Atlantika Şurasının elmi işçisi Sabina Freyzer haqqın.az-a deyib ki, Vyana danışıqlarında Ermənistan Qarabağ mnüqişənin hərtərəfli həll planına razılıq verib. Onun fikrincə, rəsmi İrəvan indiyə qədər təkid edirdi ki, əvvəlcə Dağlıq Qarabağın müstəqilliyi tanınmalı, sonradan hərtərəfli həll planı gözdən keçirilməlidir.
Görünən budur ki, ötən gün Ermənistan müstəqillik tanınmadan birbaşa danışıqlara başlamağa razılıq verib. Bu həlledici andır. Politoloqlar hesab edir ki, aprel döyüşlərindən sonra Azərbaycan bu görüşə diqtə edən tərəf kimi gedib./anspress/