PREZİDENT VƏ XANIMI MEHRİBAN ƏLİYEVA AVROPA OYUNLARINA HAZIRLIQ İŞLƏRİ İLƏ MARAQLANIB (FOTO)
26.12.2014 782 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva  bu gün  “Bakı 2015” birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişatı ilə əlaqədar paytaxtda Olimpiya Stadionunda həyata keçirilən tikinti işlərinin və Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verib.

Təməli 2011-ci ilin iyununda qoyulan stadionun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb.

Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.

 

 



Sonra Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, stadionun interyerində də son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. 

 Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Daha sonra Prezident İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.

Burada isə Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 1977-ci ildə inşasına başlanılan və 1990-cı ildə istifadəyə verilən İdman-Konsert Kompleksinin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Kompleks əsas korpusdan və idmanın müxtəlif növləri üzrə məşqlər üçün ayrı-ayrı korpuslardan ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin layihəsinin hazırlanmasına və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub.

Layihəyə əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulması, havalandırma sisteminin təmiri, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsi, qapı, pəncərə və vitrajların yenilənməsi, zalların döşəmələrinə idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılıb. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımi otaqlar yaradılacaq.

Məşq zalı ən müasir səviyyədə qurulur. Burada saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar olacaq.

Ümumi sahəsi 55 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılacaq.

Əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı tələblərə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işləri Avropa Olimpiya Komitəsi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi və müvafiq beynəlxalq federasiyanın tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə aparılır. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, 350 könüllü üçün zal və kafe də fəaliyyət göstərəcək.

Bunlarla yanaşı, kompleks təhlükəsizlik kameraları, 222 ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. Beləliklə, burada yaradılan şərait bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hərtərəfli imkanlar var.

Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənir. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampaların və projektorların quraşdırılması nəzərdə tutulur.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar