Polis məmurunun dələduzluqda ittiham olunan arvadının məhkəməsi davam edir
17.10.2016 457 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid İlhamə Əhmədova deyib ki, o kiminsə Leyla Əkbərovaya pul verməsini görməyib: "İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Anara xanımla qonşu olmuşuq. Leyla xanım məni çağırıb dedi ki, hardasa işim var, bir yerdə getdik, amma mən içəri girmədim. Hansısa rayonun Sosial Müdafiə Mərkəzi idi. Anara ilə Leyla özü danışırdılar, mənim məsələdən xəbərim olmurdu. Sonra da Anara və Leyla ilə birlikdə kafeyə gedib yemək yedik".

A.Məmmədova isə deyib ki, İ.Əhmədova özünü "Sobez" işçisi kimi təqdim edib.

Məhkəmə prosesi oktyabrın 26-də davam etdiriləcək.

Qeyd edək ki, məhkəmədə zərərçəkən kimi tanınan bir neçə nəfər ifadə verib. Onlar Anara vasitəsi ilə pulları L.Əkbərovaya çatdırdıqlarını bildiriblər. L.Əkbərova və onun ərinə ümumilikdə 110 min manata yaxın pul veriblər. Dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. M.Əkbərov da dələduzluqda ittiham olunur.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən L.Əkbərova əri M.Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. E.Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır. Adı dələduzluqda hallanan polis rəisi M.Əkbərov isə polis orqanlarından xaric edilib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar