Pensiyaçılara bayram müjdəsi
15.07.2015 1604 0.0 0

Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib. 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.

İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların 
60,4 faizini yaşa görə, 
28,6 faizini əlilliyə görə, 
11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 

2015-ci il iyul ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar