PENSİYA KALKULYATORU YARADILIB
08.11.2014 1911 3.0 0

Azərbaycanda pensiya hesablanarkən pensiyanın minimum həcmindən artıq kapital yığmış şəxslər üçün iş stajına qarşı tələb ləğv ediləcək.Məlumata görə, bunu cümə günü Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev "Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri" mövzusunda keçirilən konfransda deyib.

Hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir.

Onun sözlərinə görə, məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır: "Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir".

E.Mehdiyev vurğulayıb ki, bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əməkhaqqıların tam qeydiyyatında maraqlı olacaqlar: "Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq".

Qeyd edək ki, 2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq pensiya 173 manat, pensiyanın baza hissəsi isə 100 manatdır. Əmək pensiyaçılarının ümumi sayı 1286,2 min nəfərdir.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar