Pənah Hüseyndən Firudin Cəlilova sillə kimi CAVAB
11.10.2019 255 0.0 0

“Professor Firudin Cəlilovun test imtahanı ilə bağlı verdiyi müsahibəni tapıb, oxudum,təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə sərsəm iddialardır?

...Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?”

Bildirək ki, bunu  sabiq baş nazir, AXP sədri Pənah Hüseyn deyib.

“Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahanı sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və Təhsil Nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa Prezidentə tabe olan orqanın,TQDK- nın yaradılması ideyası da, bu ideyaların reallaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC- nin seçki platformasına daxil idi. F. Cəlilovun guya bu məsələ ətrafında Prezidentlə davalar, mübahisələr etməsi, Prezidentin məni F. Cəlilovu aidi məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”, - deyə P.Hüseyn bildirib.

O əlavə edib ki, Firudin müəlim ümumiyyətlə prezidentin qəbulunda məncə heç bir dəfə də olmayıb. “Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı, bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin və səninlə işləyəcək. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə gəldikdə isə açığı mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki, buna ehtiyac olmayıb. 

F. Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı. Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb. Əslində bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı... Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy, 1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, güya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Sənin Prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəlimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman-zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki,  inandıra bilməmişəm. Təəssüf”, - deyə P.Hüseyn bildirib./olke.az/


Digər xəbərlər:
Şərhlər
avatar