Orucun hökmləri-Yazı 3
30.06.2015 1060 0.0 0

(Davamı) 

 

Tozu boğaza çatdırmaq

Qatı tozun boğaza yetişməsi vacib-ehtiyata əsasən, orucu batil edir. İstər un kimi yeyilməsi halal olan, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.

Qatı olmayan tozun boğaza yetişməsi (güclü rəyə əsasən) orucu batil etmir. Əgər külək vasitəsi ilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib-ehtiyata əsasən, orucu batil olar.

Vacib-ehtiyata əsasən, oruc tutan şəxs siqaret və tənbəki tüstüsünü, həmçinin bu kimi şeyləri boğaza çatdırmasın.

Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Lakin boğazına yetişməyəcəyini zənn etmişdirsə, o günün orucunu qəza etməsi daha yaxşıdır. Əgər oruc olduğunu unudub diqqətsizlik etsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz.
 

Başı suya salmaq

Oruc tutan şəxs qəsdən başını tamamilə suya salsa, hətta onun bədəninin qalan hissəsi sudan xaricdə olsa da məşhurun rəyinə əsasən, orucu batil olur. Lakin bu işin orucu batil etməməsi də uzaq rəy deyil. Əgər kərahəti çox olsa da imkan daxilində ehtiyata əməl etmək daha yaxşıdır.

Əgər başının yarısını bir dəfə və o biri yarısını başqa dəfə suya salarsa, orucu batil olmaz. Əgər başını tamamilə suyun altına salsa və saçlarından bir qədər bayırda qalsa da orucu batildir. Əgər başı sudan başqa bir şeyə, məsələn; südə batırsa, həmçinin muzaf suya salsa belə, orucu batil olmaz.

Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə və su tamamilə onun başını əhatə edərsə, ya oruc olduğunu yadından çıxarıb suya baş vursa, onun orucu batil olmaz.

Həmçinin, əgər başının su altında qalmayacağını güman etsə və özünü suya atsa, su şəxsin başından aşsa, orucunun heç bir eybi yoxdur.

Oruc tutan şəxs, unudaraq başını tamamilə suya daxil etsə və suyun altında oruc olduğunu xatırlasa, başını dərhal sudan çıxartsın. Əks təqdirdə orucu batil olar.

Bir şəxs zorla oruc tutanın başını suya batırsa, orucunun heç bir eybi yoxdur. Lakin suyun altında olan vaxt o şəxs əlini çəksə, dərhal başını sudan çıxarsın. Çıxartmasa orucu batil olar.

Əgər oruc tutan şəxs oruc olduğunu unudub qüsl niyyəti ilə başını suya salsa, orucu və qüslü səhihdir.

Əgər suya batanı xilas etmək üçün oruc tutan şəxs başını suya salsa, xilas etməsi vacib olmasına baxmayaraq müstəhəbb-ehtiyat odur ki, orucunu qəza etsin.
 

Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq

Əgər cünub olan şəxs qəsdən sübh azanına qədər qüsl etməsə, orucu batildir. Vəzifəsi təyəmmüm olan bir şəxs də qəsdən təyəmmüm etməzsə, orucu batil olar. Ramazan ayının qəzasının hökmü də bu cürdür.

Ramazan ayının orucu kimi vaxtı müəyyən olan vacibi orucda sübh azanına qədər qüsl almasa və təyəmmüm də etməsə, lakin bu işlər qəsdən olmasa (məsələn, başqası onu qüsl və ya təyəmmüm etməyə qoymasa) orucu səhihdir.

Ramazan ayı gecəsində cünub olan bir şəxs əgər qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, təyəmmümlə oruc tutmalıdır. Lakin sonradan o orucun qəzasını yerinə yetirmək ehtiyat-müstəhəbdir.

Cünub olan şəxs Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, həmin günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç, ya dörd gün cünub olmasını bilməsə, üç günün orucunu qəza etməlidir.

Ramazan ayı gecəsində qüsl və ya təyəmmüm etmək üçün vaxtı olmayan şəxs özünü cünub edərsə, orucunun batil olması ilə yanaşı, qəza və kəffarə də ona vacibdir. Lakin təyəmmüm etmək üçün vaxtı olan halda özünü cünub etsə, təyəmmüm ilə orucu səhihdir, günahkar da hesab olunmur.

Əgər vaxt olub-olmadığını bilmək üçün axtarış etsə və qüsl edə biləcək qədər vaxt olduğunu güman edərək özünü cünub eləsə və sonra vaxtın dar olduğunu anlayarsa, təyəmmüm edərək oruc tutarsa, orucu səhihdir. Lakin axtarış etmədən vaxt olduğunu güman edib özünü cünub edib və sonra vaxtın dar olduğunu anlayaraq təyəmmüm edib oruc tutarsa, o orucun qəzası ehtiyat-müstəhəbbdir.

Ramazan ayı gecəsində cünub olan şəxs yatdığı təqdirdə sübhə qədər oyana bilməyəcəyini bilərsə, qüsl etməmiş yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun batil olması ilə yanaşı, qəza və kəffarə də ona vacibdir.

Cünub olan bir şəxs Ramazan ayı gecəsində yatsa və sonra oyanarsa, belə ki, yenidən yatdığı təqdirdə oyanacağına əmin deyilsə, sübh azanından qabaq oyanacağına ehtimal versə, vacib-ehtiyata əsasən, yatmamalıdır.

Ramazan ayı gecəsində cünub olan şəxs yatdığı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub bu qərarla yatsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir. Sübh azanından qabaq oyanacağına əmin olan şəxsin də hökmü eynidir.

Ramazan ayı gecəsində cünub olan bir şəxs yatarsa, sübh azanından qabaq oyanacağını bildiyi və ya ehtimal etdiyi halda oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olarsa, əgər yatıb sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən, o orucun qəzası ona vacib olur.

Qeyd: Bu məsələdə hər kəs öz təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.

Ramazan ayı gecəsində cünub olub yatan, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal edən bir şəxs oyandıqdan sonra qüsl etmək istəməzsə, əgər bu halda yatsa və sonra oyanmazsa, orucunun batil olması ilə yanaşı, qəza və kəffarə də lazımdır. Oyandıqdan sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də vacib ehtiyata əsasən hökm eynidir.

Cünub olan bir şəxs Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatdığı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olsa və ya ehtimal verərsə, belə ki, sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyansa və üçüncü dəfə yatıb sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməsi lazımdır, həmçinin kəffarə də ehtiyat-müstəhəbbdir.

İnsanın yuxuda möhtəlim (cünüb) olduğu surətdə məqsəd birinci, ikinci və üçüncü yuxudan oyandıqdan sonra yatdığı yuxulardır. Möhtəlim olduğu yuxu birinci yuxu olaraq hesab edilməz. Yəni, möhtəlim olandan sonra yuxudan ayılsa, yenidən yatması onun birinci yuxusu hesab olunur.

Oruc tutan şəxs möhtəlim olduqda, dərhal qüsl etməsi vacib deyil.

 

(Yazının əvvəli ilə aşağıdakı  link vasitəsilə tanış ola bilərsiniz)

1) http://qazeta.info/news/orucun_hokml_ri/2015-06-17-4961

 

2) http://www.qazeta.info/news/orucun_hokml_ri_yazi_2/2015-06-24-5205

 

Mənbə/Qafqaz Müsəlmanları İdarəsi/Haqnur qəzeti/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar