Ölkədə kartof və soğanın ucuzlaşması gözlənilir
05.04.2022 336 0.0 0

Hazırda ölkədə soğan və kartof kəskin bahalaşıb. Bir ay bundan əvvəl kiloqramı 50-55 qəpiyə olan soğan hazırda bazarlarda kiloqramı 1,30 manata satılır. Kartofun qiyməti isə 1 manatdan 1,70 manata çatıb.

Soğanın və kartofun qiymətinin kəskin bahalaşmasının səbəbləri araşdırılıb.

Ağdamda uzun illərdir ki, soğan əkini ilə məşğul olan fermer “Report”a soğanın qiymətinin ölkədə kəskin artmasına münasibət bildirərkən qeyd edib ki, ölkənin anbarlarında kifayət qədər məhsul var: “Ölkədə soğan qıtlığının yaşanması mümkün deyil. Fermerlər soğanı adətən iki anbarda saxlayırlar. Soyuducu anbarlarından başqa məhsul fermerlərin sahələrdə yaratdığı anbarlarda da saxlanılır. Soğan soyuducu anbarlardan adi anbarlara daşınarkən istehsalda 5 %-lik azalma olur. Çünki məhsul çeşidlənir və xarab olmuş soğan atılır. Bahalaşma isə bu keçid dövrünə görə olub. Qeyd edim ki, yaxın 20 gün ərzində bazara faraş soğan daxil olacaq. Yaxın zamanlarda bazarda soğanın ucuzlaşmasını gözləyirik”.

Faraş soğanda bu il qeydə alınan məhsuldarlıqdan danışarkən fermer qeyd edib ki, bu il faraş soğan çox əkilməyib: “Faraş soğanı Bərdə fermerləri əkirlər. Bərdə fermerləri üç ildir ki, ziyana uğrayırlar. Bərdədəki fermerlər soğan istehsalına çəkdikləri xərcin yarı qiymətinə məhsullarını sata bilmədikləri üçün artıq çoxları əkmirlər. Bərdə bu il daha az faraş soğan bazara çıxaracaq. Soğan əkini ümumiyyətlə çox əziyyətli və vəsait tələb edən sahədir. Təzə soğanın qiymətinin 2021-ci il mövsümü ilə müqayisədə artması da gözlənilir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar