Obama və Putin yenidən dostlaşır (FOTO)
16.07.2015 717 0.0 0

ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin telefonla İrana dair razılaşmanı müzakirə ediblər.
Məlumata görə, bu barədə Ağ ev xəbər yayıb.

Bildirilir ki, Prezident Barak Obama təyyarənin göyərtəsindən Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaradıb. Liderlər İranın nüvə proqramı ilə bağlı birgə tədbirlər planına dair “5+1” qrupunun razılaşmasını müzakirə ediblər.

Dövlət başçıları İrana dair danışıqların nəticələrini müzakirə edərək əldə olunan razılaşmanı yüksək qiymətləndirib, dünyada təhlükəsizliyin təmin olunması məsələsində ikitərəfli dialoqun rolunu vurğulayıblar.

 


Barak Obama - ABŞ Prezidenti və Vladimir Putin Rusiya Prezidenti
Foto: AP 


Ümumiyyətlə, Vyanada iyulun 13-də əldə edilən razılaşma, İrana qarşı sanksiyaların aradan qaldırılması, Tehranı əsas rəqib hesab edən ərəb dövlətlərinin nüvə silahı istehsalından çəkindirməyə vadar edib-etməməsi indi müzakirə mövzusudur.

ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısı Vladimir Moskvanın Putinə İran nüvə sazişinin imzalanmasında göstərdiyi vacib rola görə minnətdarlığını bildirib. O, iyulun 14-də "New York Times" qəzetinə müsahibəsində deyib ki, Rusiyasız saziş alınmazdı. Rusiya bizimlə və digər dövlətlərlə birlikdə sazişin imzalanmasına təkid etməsəydi, bu razılaşma əldə olunmazdı.

Onun sözlərinə görə, Rusiya bu məsələdə çox kömək göstərdi: "Sizə düzünü deyim. Ukrayna məsələsinə görə güclü fikir ayrılıqlarını nəzərə alsaq, bu məsələdə Moskvanın mövqeyindən o qədərdə əmin deyildim".

İran və dünyanın altı qüdrətli dövləti arasında əldə edilmiş razılığın şərtləri nəzərə tutulduğu kimi, yerinə yetirilsə, Tehran gələn 10 ildə və ondan sonra nüvə silahı istehsal etmək qabiliyyətinə malik olmayacaq.

Bir sıra ərəb ölkələri, xüsusilə Fars körfəzi ölkələri - Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman razılaşmada İranın mühüm nüvə qabiliyyətlərini inkişaf etdirilməsi perspektivi ilə bağlı narahatlıqlarını ifadə edib.

 

 

Fars körfəzi ölkələri rəhbərlərinin görüşü

 

Səudiyyə Ərəbistanı razılığın yetərli təsiri olmadığı halda nüvə silahları istehsalına çalışacağına açıq şəkildə işarə edib. Bu isə regionda silah yarışının başlana biləcəyi ilə bağlı qorxuların yaranmasına gətirib çıxarıb.

"Amerikanın Səsi"nin yaydığı xəbərə əsasən, ərəb hökumətləri hələlik razılığın əldə edilməsinə məhdud qaydada reaksiya verib və bu reaksiyaların hamısı mənfi deyil. Məsələn, adının çəkilməsini istəməyən Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsi deyib: “Səudiyyə Ərəbistanı Krallığı hər zaman İranın nüvə proqramı ilə bağlı razılığın əldə edilməsinin vacibliyinə inanıb. Biz İranla yaxşı qonşuluq və bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə əsaslanan daha yaxşı münasibətlər qurulmasını səbirsizliklə gözləyirik".

Birləşmiş Ərəb Əmirlikləri də İranla razılaşmanı alqışlayaraq, bunu Körfəz bölgəsi üçün yeni səhifə adlandırıb: "İran siyasətini dəyişsə və İraq, Suriya, Livan və Yəmən kimi ölkələrin daxili işlərinə müdaxiləyə son qoysa, regionda mühüm rol oynaya bilər”.

Bu bəyanatlardan ərəb liderlərinin təkcə nüvə razılaşmasının texniki aspektlərində maraqlı olduğu deyil, həm də onların sanksiyaların aradan qaldırılması və Vaşinqtonla əlaqələrdə dəyişikliyin regionda qüvvələr balansının İranın xeyrinə olmayacağına əmin olmaq istədiyi aydın olur.

 


Fars körfəzi ölkələrinin xəritəsi


Qətər Silahlı Qüvvələrində müşavir olmuş təhlükəsizlik məsələləri üzrə ekspert Andreas Krieq bildirib ki, əsas məsələ nüvə silahından istifadə etməmək deyil. Onun sözlrinə görə, heç kəs İranın həqiqətən də nüvə silahından istifadə edəcəyinə düşünmür. Əsas narahatlıq doğuran İranın hazırda diplomatik münasibətlərin normallaşdırılmasından sonra regionda həqiqi hegemon qüvvəyə çevrilməsi potensialının olmasıdır.

Ərəb liderləri uzun müddətdir Yəmən, İraq, Suriya və Livan kimi ölkələrdə yaraqlı qruplara dəstək verməklə regionda qeyri-sabitlik yaratmaq istədiyi ilə bağlı narahatlıqlarını bildiriblər. Sanksiyaların yüngülləşdirilməsindən sonra milyardlarla dolların yenidən İranın ixtiyarına verilməsi ilə Tehranın bölgədəki döyüşçülərə maliyyə yardımını artıra bilməsi ilə bağlı qorxular artır.

Ərəb ölkələri arasında təkcə Səudiyyə Ərəbistanın nüvə proqramını inkişaf etdirməyə başlaya biləcəyi söylənilir. Ölkənin həm bunun üçün maliyyə imkanları var, həm də nüvə alimləri burada bir sıra tədqiqatlar aparıblar.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının Pakistandan nüvə silahı ala bilməsilə bağlı narahatlıq mövcuddur. Pakistanın özünün nüvə proqramının bir hissəsinin Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi deyilir.

 


Barak Obama - ABŞ prezidenti və Abdullah bin Əbdüləziz Al Səud - Səudiyyə Ərəbistanı kralı

 


Ağ Evin açıqladığı bəyanatda bildirilir ki, ABŞ prezidenti Barak Obama İranla razılığın əldə edilməsindən bir qədər sonra Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səuda zəng edib. Prezident krala deyib ki, razılaşma İranın nüvə silahı istehsalının qarşısını alacaq. Həmçinin İran regionda qeyri-sabitlik yaradan fəaliyyətlərinin qarşısını almaq üçün Körfəz üzrə tərəfdaşlarla birgə işə hər zaman hazır olduğuna sadiqliyini təsdiqləyir.

Bir sözlə, İranla "Altılıq" arasındakı böyük razılıq dünyanı ikiyə bölsə də "soyuq müharibə"nin başa çatmasındam sonra diplomatiyanın ən böyük qələbəsi sayıla bilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar