Nikolas Maduro: «Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər»
22.10.2016 578 0.0 0

 “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər”.
 
Məlumata görə, bunu Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatında bildirib.
 
Prezident qeyd edib ki, onlar Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq hüququn tətbiq olunması üçün əllərindən gələni edəcəklər: “Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur".
Prezident Nikolas Maduro iqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib. O, həmçinin yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Fariasın ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcəyini açıqlayıb.
 
Venesuela prezidenti “Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər”, deyə bildirib. 
 
 
Qeyd edək ki, iki dövlət başçısı arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar