Nemtsovun qətlində Azərbaycan MN-nin sabiq müavininin də adı hallandı
03.03.2015 640 0.0 0

“Boris Nemtsovun qətli ilə bağlı yaradılmış istintaq qrupu adına “Ukrayna izi” deyilə biləcək versiyaya daha çox diqqət yetirməyə başlayıb.

Xəfiyyələr Nemtsovun Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə öldürüldüyünü istisna etmir. Cinayətin təşkilatçıları isə “Donetsk və Luqansk xalq respublikaları”na qarşı döyüşən Cövhər Dudayev adına batalyonun yaraqlıları ola bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Nemtsovun qətlinin təşkilatçıları bu dəstənin indiki komandiri, adı Putinə sui-qəsd hazırlanmasına dair cinayət işində keçən Adəm Osmayev, həmçinin onun arvadı Əminə Okuyevadır.

Ukrayna xüsusi xidmət orqanlarının planına görə, müxalifət siyasətçinin qətli Rusiya rəhbərliyini gözdən salmalı, habelə Rusiyanın özündə siyasi sabitliyi pozmalı idi”.

Qazeta.info Virtualaz.org saytına istinadla bildirir ki, bu sensasion məlumat Rusiyanın hökumət nəşri olan “İzvestiya” qəzeti yayıb.

“İzvestiya” onu da xüsusi vurğulayıb ki, sözügedən batalyonun qərargah rəisi Azərbaycan müdafiə nazirinin keçmiş müavini (1993-1995-ci illərdə) İsa Sadıqovdur. İ.Sadıqov Azərbaycanda axtarışa verilib, bir neçə ildir Norveçdə siyasi mühacir kimi yaşayır.

Həmin batalyonun komandiri isə məşhur səhra komandiri İsa Munayevdir. O, 2015-ci il, fevralın 1-də Debaltsovada gedən döyüşlərdə öldürülüb. İsa Munayev Ukraynaya Danimarkadan gəlmişdi.

 

Hüquq-mühafizə orqanlarındakı mənbə “İzvestiya” qəzetinə onu da bildirib ki, indi istintaq qrupunun əlində Ukrayna xüsusi xidmət orqanlarının Nemtsovun qətlində əlinin olmasına dair bir sıra sübutlar var. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin hələ Nemtsov qətlə yetirilən gün belə məlumat vermişdi ki, müstəntiqlər bu qətllə bağlı Rusiyada siyasi sabitliyi pozmağa yönələn cəhdlərə dair versiyalar üzərində də işləyirlər.

Məlumata görə, Rusiya xüsusi xidmət orqanları hazırda qətlin təşkilində və icrasında neçə adamın iştirak etdiyini dəqiqləşdirməyə çalışır. Əməliyyatçılar istisna etmirlər ki, killerlərlə və istiqamət verənlərlə (“navodçik”) yanaşı Moskvada xeyli nəzarətçilər də olub. Onlar bu qətlin nəticələrini və siyasi effektini müşahidə etməklə məşğul olublar.

“Bütövlükdə isə Ukrayna xüsusi xidmət orqanları Nemtsovun qətlindən sonra Rusiyada siyasi vəziyyətin gərginləşməsində maraqlıdır. Bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun martın 1-də Moskvada keçirilən mat6əm yürüşünə qatılması da sübut edir. Qonçarenko Moskvaya emissar kimi gəlmişdi. O, rusiyalı müxalifətçinin qətlindən yararlanmaqla Moskvada Maydan yaratmağın necə mümkün olduğunu izləməli idi” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar