Tarix: 10.12.2016,   Saat: 10:52, Şənbə.          

Mübariz Qurbanlı: «Azərbaycanda nurçulara, FETÖ-çülərə məxsus məscid olmayıb» - MÜSAHİBƏ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibə verib. Komitə sədri müsahibəyə ölkədə dini durumu qiymətləndirməklə başlayıb.

 

- Azərbaycanda ictimai-siyasi, iqtisadi sabitlik hökm sürür, o cümlədən dini sahədə də sabit mühit var. Müsəlman ölkələr içərisində dini nöqteyi-nəzərdən ən sabit ölkələrdən biri Azərbaycan hesab olunur. Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvi ölkədir.

 

- Regionda məzhəblərarası radikalizm meyilləri səngimir. Bunun əlamətlərindən Azərbaycanda da olduğu ara-sıra eşidilir. Bir vaxtlar Suriyaya din uğrunda döyüşə gedən azərbaycanlıların aktivliyi, hətta ölkədə onlara mənəvi dəstək verən məscidlər də gündəmdə idi. Bu sahədə vəziyyət necədir?

 

- Zamanında Suriyaya, digər ölkələrdən olduğu kimi, Azərbaycandan da gedənlər olub. Amma onların hamısı təkcə din uğrunda döyüş düşüncəsi ilə gedənlər deyildi. Maddi maraq naminə gedənlər də çox idi. Onların bir qismi sonradan geri qayıdıb, bir qismi isə həlak olub. Bundan başqa, yeniyetməlikdən gəncliyə keçən yaş dövründəki macəra axtaran gənclərimiz də gedib.

 

 

 

 

Çox az hissəsi isə cihad adı ilə döyüşməyə gedib ki, onlar da təsir altına düşənlərdir. Onlar anlamayıblar ki, Suriyadakı döyüşlərin dinə,  azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu, sadəcə geosiyasi maraqların toqquşmasıdır. Bizim üçün cihad yeri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızdır, Qarabağdır. Bununla bağlı xeyli maarifləndirici iş gördük, hazırda tədbirlər davam edir. “Fitnə” adlı sənədli filmimiz var ki, orada Suriyaya döyüşməyə gedən, sonradan peşman olub qayıdanların və Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb edilənlərin peşmanlığı göstərilir. Bunlara əsasən deyə bilərəm ki, təqribən son 1 ildə Azərbaycandan Suriyaya və digər yerlərə silahlı birləşmələrdə döyüşməyə gedən bir nəfər də yoxdur. Vaxtı ilə gedənlərin arasında peşmanlıq çəkib qayıdanların sayı isə çoxdur.

 

 

 

- Neçə nəfər gedib və neçəsi qayıdıb? Statistika necədir?

 

- Qapalı məlumat olduğu üçün bu rəqəmlər açıqlanmır. Amma səmimi deyirəm ki, Azərbaycandan gedənlər digər ölkələrdən gedənlərlə müqayisədə olduqca azdır. Onların  tam əksəriyyəti, dediyim kimi, peşmanlıq hissi ilə qayıdıb. Əsas odur ki, artıq Azərbaycandan Suriyaya döyüşməyə gedən yoxdur. Bu, aparılan profilaktik tədbirlər sayəsində baş tutur.

 

Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə mənəvi dəstək verənlər də artıq zərərsizləşdirilib, fəaliyyətlərinin qarşısı alınıb. Bakının mərkəzində, Qaradağ rayonunda, şimal, şimal-qərb və mərkəzi bölgələrimizdə bəzi məscidlər vardı ki, Suriyaya gedənləri ilhamlandırırdı. Onlar üzərində də artıq tam nəzarət bərpa olunub. Artıq ölkədə silahlı birləşmələrə sövq edən, bu yöndə təbliğat aparan məscid qalmayıb.

 

Azərbaycanda hansısa formada qeyri-qanuni fəaliyyət göstərərək məzhəblərarası təfriqə salmaq istəyən məscidlərdə də bu sahədə iş aparılır. İstədiyimizə müəyyən mənada nail olmuşuq. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fəaliyyət göstərən məscidlərin xeyli hissəsinə imam və axundlar təyin edib.

 

Azərbaycanda 2166 məscidin olması o demək deyil ki, onların hamısı hər gün fəaliyyətdədir. Məscidlər iki cür fəaliyyət göstərir. Bir qismi vaxt namazlarında açıq olan məscidlərdir ki, daimi fəaliyyətdədir. Digər qismi isə yalnız cümə namazlarına, bayram namazlarına açıqdır. Həmin məscidlərin sadəcə cümə günləri və bayramlarda fəaliyyət göstərməsinə səbəb odur ki, yaxınlıqda yaşayan müsəlmanlar məsciddə deyil, vaxt namazların evlərində qılmağa üstünlük verirlər. Yəni məscidə gəlmirlər. Bu cür məscidlərə də QMİ əməli-mövt, yəni dini ayinlərin icraçısını təyin edib. Qanuna görə, məscidin minbərindən ora təyinatı olmayan şəxs istifadə edə bilməz.

 

Hansı məsciddə ki, dini icma qeydiyyatdan keçməyib, yaxud QMİ tərəfindən axund və ya imam təyinatı olmayıb, həmin məscidlərin fəaliyyətinə nəzarət edilir. Bəzi məscidlərin fəaliyyəti isə qanunun tələblərinə cavab vermədiyi üçün müvəqqəti olaraq dayandırılıb.

 

- Bu, hansı məscidlərdir ?

 

- Ölkə üzrə bir neçə belə məscid var. Bunlardan biri Bakıdakı məlum “Aşur” məscididir. Oranın fəaliyyəti niyə dayandırıldı? Əvvəla, ora Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun balansındadır. Qoruq da balansında olan məscidlərin restavrasiyasını həyata keçirir. “Aşur” məscidinin böyük tutumu yox idi, oraya qeyri-qanuni yığışırdılar. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu da qanunamüvafiq qaydada qeyri-qanuni olan yerin fəaliyyətini dayandırıb restavrasiya işləri aparır. Bərpa işi qurtardıqdan sonra qərara gəlinəcək ki, orada hansı fəaliyyət davam etdirilsin. Təbii ki, orada dini fəaliyyət olacaq, amma qanuni şəkildə. Ələt və Qobustan məscidlərinin də fəaliyyətini qeyri-qanuni olduğu üçün dayandırmışıq. Digər bu kimi məscidlər ölkənin şimal və Mərkəzi Aran bölgələrindədir. Bu məscidlər qeyri-qanuni fəaliyyət göstərirdi və aralarında həm sünni, həm də şiə məzhəbinə mənsub vətəndaşların toplu halda ibadət etdikləri məscid var. Bunların fəaliyyəti qanuniləşdirildikdən sonra bərpa ediləcək. Dini icma qeydiyyatdan keçməlidir, QMİ tərəfindən dini xadim təyin olunmalıdır.

\

 

 

 

Azərbaycanda məscid tikmək üçün əvvəlcə yerli icra hakimiyyətindən icazə alınmalıdır, sonra o sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə gəlməlidir və Komitə dini ibadət yerinin tikintisinin məqsədəuyğunluğu barədə rəy verməlidir. Bütün bunlardan sonra məscid inşa oluna bilər. Məscid tikildikdən sonra bələdiyyənin balansına verilir. Bələdiyyə isə onun idarəçiliyini əvəzsiz olaraq QMİ-yə verməlidir. Bundan sonra QMİ axund və ya imam təyin edir. Orada dini icma yaradılır və məscid fəaliyyətə başlayır. İcma da ona görə yaradılır ki, məscidə himayədarlıq etsin.

 

Məscidlərin əksəriyyətində vebkameralar quraşdırılıb. Bu gün məscidlərimizdə çox savadlı din xadimləri və xütbə söyləyənlər var. Məqsədimiz odur ki, xütbələri daha çox vətəndaşımızın dinləməsinə şərait yaradılsın. Vətəndaşlarımız həmin xütbələrdə İslamda şəhidliyin, halal və ya haramın nə demək olduğunu öyrənsinlər. Yaxud  milli bayramlarımıza, vətənpərvərlik mövzularına həsr edilmiş xütbələr daha çox insana çatsın.

 

- Azərbaycanda da dini radikal cərəyan olaraq FETÖ-çülərə (Fətullah Terror Təşkilatı) qarşı mübarizə aparılır və bu cərəyana mənsub olmaqda şübhəli bilinən bir sıra şəxslər artıq saxlanılıb. Qafqaz Universiteti ilə bağlı müəyyən tədbirlər görülüb. Bəs Sizin rəhbərlik etdiyiniz Komitə FETÖ, xüsusilə, onun müəllifi olduğu dini ədəbiyyatlarla bağlı hansı tədbirləri görüb?

 

- Dini radikal cərəyan o deməkdir ki, kimsə din adı altında özünün siyasi, iqtisadi  və digər məqsədlərinə nail olmaq istəyir. Dini təhrif etməyə, məqsədlərinə uyğunlaşdırmağa çalışırlar. Belə cərəyanlar bütün dinlərdə var. FETO də belə cərəyanlardandır. Onların dinə aidiyyəti yalnız zahiridir, fəaliyyəti siyasiləşişib. Bunlar bir təşkilatdır. Amma dini deyil, siyasi təşkilatdır. 

 

 

Fətullah Gülənin yaratdığı təşkilat dinlə pərdələnib. Azərbaycan müstəqilliyini elan edəndə dünyəvi dövlət olduğunu bildirib. Bizdə din dövlətdən ayrıdır. Amma müstəqilliyin ilk illərində müəyyən iqtisadi çətinliyimizdən, hələ yeni yaranmağımızdan istifadə edərək müəyyən cərəyanlar ölkəyə ayaq açdı. FETÖ də bu cərəyanlardandır. Onlar Azərbaycana ilk olaraq, təhsil sahəsində ayaq açdılar. Məktəblər, o cümlədən Qafqaz Universitetini yaratdılar. Düşünmək lazım deyil ki, orda təhsil alanların hamısı FETÖ-nün təsiri altına düşüb, onun daşıyıcılarıdır. Burada çox yaxşı formada təhsil alıb Azərbaycanın idarəçiliyində fəaliyyət göstərən vətəndaşlarımız var. Sovet sistemindən qalma təhsillə müqayisədə daha yaxşı təhsil verdikləri üçün rahat fəaliyyət göstərə bildilər. Amma sonradan Azərbaycan inkişaf edib öz məsələlərini həll etdikcə həm vəhhabiliyin, həm də nurçuların bura ayaq açmasının qarşısını aldı. “Dini etiqad azadlığı haqqında” Qanuna 2009-cu ildə düzəlişlər edildi. Həmin dövrədək xaricdən gələn müxtəlif din xadimləri moizələr oxuyurdular, dini ayinləri icra edirdilər. Dövlət də bunun qarşısını aldı. FETÖ-çülük bu çərçivədə Azərbaycanda artıq ideoloji sahədə təhlükə kimi göründüyündən dövlət bunun da qarşısını almaq üçün addımlar atmağa başladı. 2009-cu ildən başlayaraq, Fətullah Gülənə və nurçulara məxsus hansısa ədəbiyyatın Azərbaycana gətirilməsi, yayılması məqsədəuyğun sayılmadı. Burada söhbət ideoloji kitablardan gedir. Bura kitablarla yanaşı, audio və video materiallar da aiddir. 2009-dan etibarən Fətullah Gülənin fikirlərini yayan bütün nəşrlərin, materialların, o cümlədən “Risaleyi-Nur” kitabının Azərbaycana kütləvi gətirilməsi, yayılması dayandırılıb.

 

- Onlara məxsus və yaxud onların fikirlərini dəstəkləyən məscid varmı?

 

 

- Azərbaycanda nurçulara, yaxud FETÖ-çülərə məxsus məscid olmayıb. Daha doğrusu, burada məscidləri nəzarətə ala bilmədilər. Qafqaz Universiteti içərisində məscidləri olub, amma orada FETÖ təbliğatının getməsini müşahidə etməmişik. Yalnız ədəbiyyatlar aşkarlamışıq və dediyim kimi, onların da ölkədə yayılmasını dayandırmışıq. Bunlar müxtəlif adda kitablardır. Bu günlərdə də Baş Prokurorluğun müxalifətin bir qanadına məxsus şəxslərdən götürdüyü bu cərəyana məxsus kitablar, disklər Komitənin Dinşünaslıq ekspertizası şöbəsində araşdırılıb və rəyimizi vermişik: onların yayılması, gətirilməsi qadağandır.

 

- Mediada rəhbərlik etdiyiniz Komitədə də Fətullah Gülənlə əlaqəli şəxslərin olduğu barədə iddialar səslənir. Bu barədə nə deyə bilərsiniz?

 

-  Komitədə çalışanlar arasında FETÖ-ylə bağlı şəxslərin olması barədə məndə məlumat yoxdur. Mənim çalışdığım 2 ildə işçilər arasında Fətullah Gülənə bağlı şəxs müşahidə etməmişəm. Görməmişəm ki, kimsə fəaliyyətində bunu qabartsın. Amma gələcəkdə belə bir şəxs bizim Komitədə aşkarlansa, təbii ki, dərhal tədbir görəcəyik.

 

- Hazırda radikal dini cərəyanlardan birinə rəhbərlik edən Taleh Bağırzadə və onun tərəfdarlarının məhkəməsi gedir. Mətbuatda onların məhkəmə çıxışlarına rast gəlirik. Bu barədə nə deyə bilərsiniz?

 

- Bu iş hüquq-mühafizə orqanlarının, məhkəmənin işidir və biz prosesə müdaxilə edə bilmərik. Məhkəmə mətbuata açıq formada keçirilir. Onların  səsləndirdikləri müxtəlif iddialarla bağlı məhkəmə qərar verəcək.

 

Onların  Nardarandakı əməlləri hamının gözü qarşısında baş verib. Nardaran əməliyyatından əvvəl də onlar daim qeyri-qanuni çağırışlar edib, toplantılar keçiriblər. Youtube-da onların çağırışları indi də qalmaqdadır. Nardaranda  əməliyyat keçirilən gün onların orada toplaşmaları və dini ayin adı altında keçirdikləri görüşlər qeyri-qanuni idi. Onlar dini siyasi alətə çevirən radikallaşmış elementlərdir. Komitə onların çıxışlarında, çağırışlarında din adı altında qeyri-qanuni fikirləri aşkarladı və bununla bağlı rəyimizi verdik. Nardaranda da hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tamamilə qanunauyğun idi. Çünki onların “dini ayinlər”ində daha çox dövlətimizin əsaslarına qarşı yönələn çağırışlar yer alırdı.

 

- Bir vaxtlar təmtəraqlı yas mərasimləri ilə bağlı maraqlı kampaniya vardı və Komitənin fəallığı ilə də mərasimlərdə israfçılığın qarşısı xeyli alınmışdı. Amma son vaxtlar yenidən təmtəraqlı yas mərasimlərinə rast gəlirik. Bəzən Komitənin əməkdaşlarının bu məsələ ilə bağlı tənqidi çıxışları olur. Bu problemin həllinə əngəl olan nədir?

 

 

 

- Bir var qadağa, bir də var insanların özlərinin məsələni dərk etməsi. Bu, sırf adət-ənənəyə bağlı olan məsələdir və bunu necə qadağan etmək olar? Kiminsə məclisini təmtəraqlı olduğuna görə necə dağıtmaq olar? Çox yaxşı olardı ki, tanınmışlar, vəzifəli şəxslər nümunə göstərsinlər. Nümunə göstərənlərimiz də var. Yas mərasimləri getdikcə adət-ənənə halını alıb, ona görə də bunu elə yeni nümunəvi adətlərlə həll etmək olar. Bizim Komitənin əməkdaşları da mütəmadi tənqid edir, təbliğat aparır. Dövlət bu məsələdə tövsiyə verə bilər. QMİ də fətva verdi və israfçılığı pislədi. Amma vətəndaşı bundan artıq məcbur eləmək mümkündür? Yas məclislərinin birində mərasimləri təşkil edən əməkdaşla söhbətim oldu. Ondan bu vəziyyəti soruşduqda dedi ki, sifariş əsasında iş görürlər: “Necə sifariş edirlərsə, elə təşkil edirik. Biz əvvəlcə, çay süfrəsi təklif edirik, ancaq şəxs təkid etdikdə bir növ yemək veririk”.

 

Amma onu da deyim ki, ümumilikdə əvvəlki illərlə müqayisədə təmtəraqlı məclislər elə də çox deyil.

 

- Məzarlıqlarla bağlı məsələ də açıq qalıb. Bu barədə qanun və ya qərar layihəsinin hazırlandığı bildirilsə də, nəticə yoxdur...

 

 

- Bununla bağlı qərar layihəsinə Prezident Administrasiyasının müvafiq şöbəsi, İqtisadiyyat  Nazirliyi, o cümlədən bizim Komitə rəy verərək Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabinetində də baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə müzakirəsi keçirilib. Müzakirələrdə ekspertlər, o cümlədən bizim Komitə də iştirak edib. Hazırda üzərində iş gedir. Bəzi məsələlər həllini tapmalıdır.

 

 

Burada prinsipial olan nədir?

1. Kimsə vəfat etməmişdən əvvəl özünə məzar yeri götürə bilməz;

2. Kimsə vəfat etmiş şəxsin yanında əlavə qəbir yerləri götürüb, gələcək üçün saxlaya bilməz - burada istisna var ki, kişi öldükdə arvadı özü üçün, qadın öldükdə əri özü üçün götürə bilər;

3. Kimsə qəbir üzərində dəbdəbəli qəbirüstü abidə qura bilməz. Bütün qəbirlərin dinin tələblərinə uyğun vahid standart forması olmalıdır;

4. Şəhid olanların dəfn mərasimləri, məzarları ilə bağlı işin təşkili;

5. Qəbiristanlarda qəbirlərarası məsafələr və sair.

Bu qərar layihəsi qüvvəyə mindikdən sonra aparılacaq dəfn qaydaları ona uyğun olacaq. Amma qərar geriyə şamil olunmayacaq.



  Bölmə: Ölkə | Baxış sayı: 264 | Tarix: 08.09.2016, 20:18


Xəbərlər