MTRŞ: Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib
06.10.2016 625 0.0 0

“Rəqəmli TV yayımını izləmək üçün dekoderlər HD formatını dəstəkləməlidir, əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq”

 “Hazırda “İdman Azərbaycan”, “CBC Sport” və “ATV” telekanalları Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayımlanır. Yaxın vaxtlarda bu ərazidə “Xəzər TV” və “AzTV” telekanallarının da HD formatına keçəcəyi gözlənilir. Bunun ardınca ölkəmizin digər bölgələrində də tədricən HD formatına keçiləcək”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.
 
O qeyd edib ki, yerüstü analoq TV yayımının dayandırılması ilə əlaqədar olaraq TV yayım kanallarının boşalması HD formatında yayımının tətbiq olunmasına əlverişli şərait yaradıb: “HD formatında yayım apardıqda bir TV yayım kanalında daha az sayda (DVB-T-də on əvəzinə üç) TV proqramı yayımlana bilir və deməli, daha çox TV yayım kanalından istifadə etmək lazım gəlir. Əhalidə istifadədə olan analoq televizorlarla rəqəmli TV yayımını izləmək üçün müvafiq dekoderlərdən (“Set-Top-Box”) istifadə etmək lazım gələcək. Lakin bu dekoderlərin HD formatını dəstəkləməsi çox mühümdür. Əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yeni dekoderlərin alınması üçün 2 şirkətlə danışıqlara başlayıb. Nazirlik tərəfindən Full HD formatlı dekoderlər sifariş olunacaq”.
 
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar