MTN-nin həbsdə olan şöbə rəisi məhkəmədə ifadə verib
28.04.2017 622 0.0 0

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə V. Ələkbərov ifadə verib.
 
O bildirib ki, zərərçəkmişlər qərəzli ifadələr veriblər.
 
"Texnikabank"ın "Bakı" filialının rəhbəri olmuş Zal Yusifovun barəsində açılmış 613 saylı cinayət işinin istintaqından danışan V. Ələkbərov qeyd edib ki, Z. Yusifovla yanaşı Nizami Kazımov və Hüseyn Səfərovun barəsində də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb: "Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, öz şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər".
 
V. Ələkbərov ifadəsində N. Kazımovun qardaşı Arzu Kazımovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna gəlməsindən danışıb: "Mövlam Şıxəliyev mənə zəng vurdu və bildirdi ki, nazirin qəbul otağında bir nəfər var, onu mənim yanıma gətir. Mən də onun gətirməyə getdim. Mövlam Şıxəliyevin otağına gedən zaman bildim ki, bu şəxs Nizami Kazımovun qardaşı Arzudur. O, Nizami Kazımov və Hüseyn Səfərovun həbsdən azad edilməsini istəyib. Mövlam Şıxəliyev də zərərçəkmişlərə dəymiş ziyan ödənildiyi halda qətimkan tədbirinin dəyişdirilməsinə baxılmasının mümkün olduğunu dedi. Bundan sonra Arzu Kazımov getdi. Bir neçə gündən sonra Arzu Kazımov 500 min manat ödəmək imkanlarının olduğunu, qalan ziyanı ödəyə bilməyəcəyini söylədi. Mövlam Şıxəliyev də bildirdi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda qətimkan tədbirinin dəyişdirilməsindən söhbət gedə bilməz. Samir Nadirli və digərləri dəymiş ziyanı ödəyəndən sonra Nizami Kazımovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçildi. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm. MTN-nin düşdüyü vəziyyətdən istifadə edirlər, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Onlar məndən qisas alırlar”.
 
V. Ələkbərovun sözlərinə görə, zərərçəkmiş Hüseyn Səfərov da ona böhtan atır: “Zal Yusifovla Namil Rzayev,  Elşən Mədətov və digərlərini Hüseyn Səfərov əlaqələndirmişdi. Bütün bunlar 615 saylı cinayət işində öz təsdiqini tapıb. Həmin cinayət işinə baxış keçirilməsə, özümə qəsd edəcəyəm. Bunun da günahı məhkəmənin üzərində olacaq”.
 
Hakim V. Ələkbərovun bu ifadəsini məhkəməyə şantaj etmək kimi qiymətləndirib. V. Ələkbərov məhkəmənin belə ifadələrlə şantaj etmədiyini deyib.
 
Növbəti proses mayın 12-də davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar