Moskvada Rövşən Lənkəranskinin son dayaqlarının axırına çıxırlar
25.11.2016 1884 0.0 0

Moskva Şəhər Məhkəməsi andlılar kollegiyası iclasçılarının ittihamedici hökmünə əsasən Azərbaycanın beş vətəndaşını silahlı hücumlara və sahibkarların oğurlanmasına görə 13-dən 18 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qazeta.info Virtualaz.org bildirir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Söhbət kriminal aləmdə "Dovşancığaz" ləqəbi ilə tanınan Zaur Əliyevin məşhur briqadasından gedir.

Məhkəmə tərəfindən müəyyən edilib ki, 2013-cü ilin avqustunda Zaur Əliyev Moskvada Anar və Elnur Yusubovlardan, həmçinin Namiq Qəmbərov və Anar Nəsirovdan ibarət banda yaradıb. Onun sərəncamında ən azı beş tapança, “Kalaşnikov” avtomatı, karabin və çoxsaylı döyüş sursatları olub. 2014-cü ilin avqustuna qədər cinayətkarlar həmyerliləri olan sahibkarlardan ümumi himayə adı altında külli miqdarda pul tələb edərək, razılaşmayacaları təqdirdə onlara divan tutacaqları ilə hədələyiblər.

Bac ödəməkdən imtina edən 4 biznesmen hücumlara məruz qalıb. 2014-cü ilin yanvarında silahlı təhdid altında biznesmenlərdən birinin 1,1 milyon rubl dəyərində “Mercedes-Benz”inin açarını və sənədlərini götürüblər. Sonradan həmin avtomobili saxta sənədlərlə N.Qəmbərovun tanışının adına qeydiyyata aldıraraq digər cinayətlərdə istifadə ediblər.

"2014-cü ilin iyulunda onlar zərərçəkənlərdən daha birini maşın dayanacağının ərazisindən oğurlamağa cəhd ediblər, amma onun fəal müqavimətinə görə istədiklərinə nail ola bilməyiblər. 2014-cü ilin avqustunda isə dəstənin üzvləri daha iki biznesmeni oğurlayaraq "Yeni Moskva”nın müxtəlif ərazilərində saxlayıb və yalnız qohumlar tərəfindən yığılmış 8,8 milyon rublu aldıqdan sonra azad ediblər", - deyə məlumatda vurğulanır.

Məhkəmə Moskva Prokurorluğu dövlət ittihamçısının mövqeyini nəzərə alaraq Z.Əliyevi 18, N.Qəmbərov, A.Yusubov, E.Yusubov və A.Nasirovu isə 13-dən 15 ilə qədər azadlıqdan məhrum edib. Onların hamısı cəzasını ciddi rejimli koloniyalarda çəkəcək. Məhkəmə, həmçinin onlara qarşı irəli sürülmüş 10,8 milyon rublluq mülki iddianı da təmin edib.

Qeyd edək ki, "Dovşancığaz" ləqəbli Zaur Əliyev Moskvada təxminən 15 il əvvəl peyda olub və Azərbaycan diasporasının kriminal dairələrində lider mövqe tutub. O buna öz dostu - nüfuzlu "qanuni oğru" Rövşən Lənkəranskinin dəstəyi ilə müvəffəq olmuşdu. Zaur Əliyev öz “patronu” Rövşən Lənkəranski ilə birlikdə başqa "qanuni oğru" Nadir Salifovla (Lotu Quli) münaqişəyə də girişmişdi. 2014-cü ilin dekabrında Lotu Qulinin adamları Zaur Əliyevə “bədən cəzası” verərək onun "qanuni oğru”dan üzr istəməsini tələb etmişdilər. Başqa sözlə, "Dovşancığaz"ı Lotu Quli qarşısında üzr istəməsindən əvvəl bir neçə saat döymüşdülər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar