Əmlak Məsələləri Dövlət Komitəsinə hansı müraciətlər edilir?
18.10.2017 626 0.0 0

Carı ilin sentyabr ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin 193 Vahid Çağrı Mərkəzinə 250-yə yaxın müraciət daxil olub.

Komitədən verilən məlumata görə, sentyabr ayı ərzində ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 84 %-ə yaxını sorğu tiplidir.

Regionlar üzrə daxil olan müraciətlərin səviyyəsində paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriyaya üzrə müraciətlərin 73%-ə yaxını Bakı sakinlərinin payına düşür.

Regionlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir.

Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, “Əmlaka dair çıxarış”, “Özəlləşmə”, “Torpaq sahələrinin kadastrı” üstünlük təşkil edir. Daha dəqiq desək müraciətlərin 31%-dən çoxu əmlaka dair çıxarışla, 20%-ə yaxını özəlləşmə ilə, 10%-ə yaxını kadastrla qalanı isə fərqli mövzularla bağlıdır.

Hərraclarla bağlı sorğuların ilk beşlikdə yer alması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, yeni innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub.

Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlərdə yer alıb. Bu kateqoriyada çıxarışla, kadastrla bağlı daxil olan suallar çoxluq təşkil edir. Başqa sözlə araşdırma tələb edən məsələlərin 30%-dən çoxu çıxarışla, 22%-ə yaxını kadastrla bağlıdır.

Daxil olan müraciətlər zamanı daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir.

Vahid çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakla bağlı hüquqi yardımlar göstərilir. Bundan başqa onlar 193 saylı qaynar xəttinə zəng etməklə dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında da məsləhət ala bilərlər

Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir. Komitənin səlahiyyətlərinə aid olan suallar daxil olduqda çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə Komitəyə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə şikayət daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyatı struktur vahidinə göndərilir. Həmin struktur, şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir.

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Ən son texnologiyalar əsasında hazırlanan vahid çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Vahid çağrı mərkəzinin fiziki və texniki imkanları yüksəkdir. Gənc və ixtisaslı kadrlar işə cəlb edilib. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar