Miryusif Mahmudov: `Tibb Universitetinin korpusu da yanmışdı, amma heç kimi məsuliyyətə cəlb etmədilər`
05.12.2016 1042 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Qazeta.info APA-nın məlumatına əsasən, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

 

Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, analoji yanğın hadisəsi 2012-ci ildə Tibb Universitetinin Cərrahiyyə korpusunda da baş verib: "Məlum oldu ki, Cərrahiyyə korpusundakı üzlənmə materialları Çindən gətirilib. Yoxlamalar nəticəsində Çin malının asan yanan, bizim materialın isə çətin yanan olması müəyyən edildi. Əgər həmin vaxt bizim qəliblədiyimiz materiallar pis olsaydı bizə bizim işi də bağlayardılar. Həmin yanğın zamanı xəsarət alan da var idi, dövlətə ciddi ziyan da dəymişdi. Niyə Çin şirkətinin hər hansı bir işçisini, yaxud təsisçilərindən heç kimi bizim kimi istintaq məsuliyyətə cəlb etmədilər".

 

Hakim isə deyib ki, Binəqədidə binanın yanmasına günahı olanlar cəzalandırılacaq, günahsızlara isə bəraət veriləcək.

 

Təqsirləndirilən Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə Binəqədi Rayon İcra Hakimiyyətinin işçisi Hacıbala Əkbərovun ifadəsinin elan olunmasını istəyib. İfadə elan olunub və məlum olub ki, Ə.Rəcəbovdan əvvəl İcra Hakimiyyətində memarlıq işlərinə Qüdrət Seyfullayev və Hacıbala Əkbərov rəhbərlik edib.

 

Daha sonra hakim iş materiallarında olan Azadlıq - 200 ünvandakı binaya dair layihə-smeta sənədlərini elan edib. Sənədin məzmununa əsasən, sənədin Binəqədi İH sifarişi ilə "Genteks" MMC tərəfindən hazırlandığı bildirilib və həmin binada üzləmə işlərinin bu layihə əsasında həyata keçirildiyi qeyd olunub.

 

Proses dekabrın 6-da davam etdiriləcək.

 

 

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar