Mir Şahin Ağayev:«Bu qərarda razılaşmadığımız qərəzli məsələlər var»
05.10.2015 622 0.0 0

ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) Baş direktoru Mir Şahin Ağayev Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV ilə bağlı bu gün çıxardığı qərarlara münasibət bildirib.

"MTRŞ bir tənzimləyici dövlət qurumudur. Onun qərarları ilə razı ola da bilərik, olmaya da bilərik. Bu qərarda razılaşmadığımız qərəzli məsələlər var. Bu məsələlərlə bağlı məhkəməyə müraciət edəcəyik" - deyə Mir Şahin Ağayev öz mövqeyini bildirib.

Məlumata görə, bu gün MTRŞ-ın növbəti iclası keçirilib. İclasda "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq ANS TV-nin "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni", "Salam Azərbaycan" və "Şokolad" verilişlərinin bir sıra buraxılışlarında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq televiziyaya ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilib. Yayımı dayandırılmış "Salam, Azərbaycan" proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul edilib.

 

"Salam Azərbaycan"ın tanıtım baneri


Son 4 gündə bu MTRŞ-ın ANS TV ilə bağlı keçirdiyi ikinci iclasdır. Daha əvvəl qurum ANS TV-də yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımını dair qərar qəbul edib.

Həmin qərarı Mir Şahin Ağayev "Mən burada qanunun aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm." - deyə şərh etmişdi və bununla bağlı ANS-in məhkəməyə müraciət edəcəyini bildirmişdi. 

Mir Şahin Ağayevin sözlərinə görə MTRŞ tərəfindən verilişlərin bağlanmasına səbəb kimi göstərilənlər ANS-in işgüzar nüfuzunu zərbə altına alır və tamaşaçılarını incidir, onların zövq və istəklərini təhqir edir.

 


Mir Şahin Ağayev - ANS TV-nin Baş direktoru

 

Qeyd edək ki, MTRŞ-ı həmin proqramları "sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq bağlnması haqda qərar qəbul etdiyini elan etmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar