Minaaxtaran itlər işə necə hazırlanır?
27.12.2021 362 0.0 0

Xüsusi təlimli itlər işğaldan azad edilmiş ərazilərdə insan, cəsəd və partlayıcı maddələrin axtarışında istifadə olunur.

Məlumata görə, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun Xidməti itlərin artırılması və yetişdirilməsi şöbəsinin rəisi baş-leytenant Elvin Qocayev "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, xidməti itlər ANAMA ilə əməkdaşlıq çərçivəsində akkreditasiyadan keçdikdən sonra axtarışa buraxılıb.

"İnsan burnunda 5 milyon iy reseptoru olduğu halda, bu, itlərdə 300 milyon ədəddir. Bu baxımdan mina axtarışlarında itlərin rolu böyükdür. Xidməti itlərin fəaliyyətinə hava şəraiti təsir edir. Onlar 20 dəqiqədən bir dəyişdirilərək axtarışa cəlb edilir. Partlayıcıların hamısının tərkibində oxşar komponentlər var. Laboratoriya şəraitində hazırlanmış xüsusi imitatorlar vasitəsilə itlərə təlim keçilir. Bir itlə gün ərzində fasilələrlə 1000 kv. metrə yaxın ərazini təmizləmək olur.

Axtarışda alman, belçika çoban itlərindən və labrador itindən istifadə edilir. İtlərin minaya düşmə təhlükəsi var. Xoşbəxtlikdən işğaldan azad olunmuş ərazilərdə aparılan axtarışlar zamanı belə hal baş verməyib.

İtlər taborun tərkibində baytarlıq şöbəsində mütəmadi olaraq müayinə edilir. İt seçərkən xüsusi psixoloji durumu qiymətləndirilir. Çılğın itlər bu işə cəlb edilmir.

Təlimlər 3 aydan başlayır. İt mütləq qaydada sosiallaşmalıdır. Daha sonra itaət komandalarının öyrədilməsi prosesinə keçilir. Bu da 3 ay çəkir. Daha sonra da 8 aya qədər xüsusi təlim keçilir. İtlərin hamısı taborda yetişdirilir. Xaricdən alınmır. Daha əvvəl əməliyyatlarda iştirak edən itlərin balaları gələcək üçün hazırlanır" , - FHN rəsmisi deyib.

Qeyd edək ki, FHN-in 10 baş iti mina və partlamamış silah-sursatların axtarışına cəlb olunub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar